Statistikaya görə, Azərbaycanda cəmi 11,6% körpə ana südü ilə bəslənir. Yerdə qalan 88,4% körpə isə süni qidalarla qidalanır. Bunu nəzərə alaraq deyə bilərik ki, ölkəmizdə uşaq yeməklərinə tələbat xeyli çoxdur.
Bu gün gənc analara müxtəlif şirkətlərin uşaq qidaları təqdim olunur. Amma onların keyfiyyəti barədə birmənalı fikir yoxdur. Belə ki, xaricdən ölkəmizə idxal olunan uşaq yeməklərinin istehsal tarixinin bitdiyi və həmin qidaların uşaq sağlığı üçün zərərli olduğu iddia edilir. Qeyd edilir ki, xaricdən gətirilən uşaq yeməkləri təkcə fiziologiya deyil, eyni zamanda psixologiya və sinir sisteminə də təsir göstərir. Maraqlıdır, uşaq qidaları niyə ölkəmizdə istehsal olunmur?
Onu da qeyd edək ki, son vaxtlar bütün dünyanı bürüyən qida böhranı və qiymət artımı bu sahədən də yan keçmir. Təkcə qida deyil, uşaq geyimləri, oyuncaqları və s. də sürətlə bahalaşır. Bu durum isə aztəminatlı ailələr üçün vəziyyəti daha da çətinləşdirir.
Ekspertlər bildirir ki, uşaq qidalarının bahalığı həmin məhsulların xaricdən idxal olunması ilə bağlıdır.
Rəşad Hüseyn: “Azərbaycanda uşaq qidaları istehsal olunmur”
İqtisadçı ekspert Rəşad Hüseyn bildirdi ki, ölkəmizdə uşaq qidaları bazarında rəqabət yoxdur. Bahalaşmanın bir səbəbi də budur. Onun sözlərinə görə, nə qədər böyük əhəmiyyət daşısa da, Azərbaycanda uşaq qidaları istehsal olunmur. Bu sahədə qiymət artımının qarşısını almağın əsas yolu yerli istehsalın təşkilidir: “Azərbaycanda uşaq qidaları ilə bağlı istehsal, demək olar ki, yox səviyyəsindədir. Bu sektorda yaşanan qiymət artımının qarşısını almaq üçün yerli xammala əsaslanan istehsal sahələrini genişləndirmək lazımdır. Bununla bağlı kiçik və orta biznes sahələrinin təşviq edilməsi vacibdir. Avadanlıqların ölkəyə gətirilməsi, istehsal prosesinin sürətlənməsi üçün sahibkarlara dəstək olunmalıdır. Belə olarsa qeyd olunan sahədə qiymət artımının qarşısı alınar”.
Aynur Əliyeva: “Uşaq yeməkləri hansı ölkədə istehsal olunursa, oranın coğrafiyasında yaşayan uşaqları nəzərə alaraq istehsal olunur”
Pediatr Aynur Əliyeva qeyd etdi ki, uşaq yeməkləri hansı ölkədə istehsal olunursa oranın coğrafiyasında yaşayan uşaqları nəzərə alaraq istehsal olunur. Bu səbəbdən həmin qidaların fərqli coğafiyada yaşayan uşaqlara tətbiqi ciddi problemlərə səbəb olur. Həmin qidalar təkcə fiziologiya deyil, eyni zamanda psixologiya və sinir sisteminə də təsir göstərir: “Ölkəmizə süni uşaq qidaları daha çox Türkiyə, Almaniya, İordaniya, İsveçrə və Rusiyadan gətirilir. Saxlama müddəti və keyfiyyətlə bağlı çox ciddi problemlər mövcuddur. Məhsulların çoxunun üzərində Azərbaycan dilində heç bir məlumat yazılmır. Onların saxlanma qaydalarına düzgün riayət edilmir. Hətta satışda kustar üsullarla hazırlanmış mənşəyi məlum olmayan qidalara da rast gəlmək mümkündür”.
Həmsöhbətimiz onu da əlavə etdi ki, qanuna əsasən, körpə qidalarının üçüncü ölkədən idxalı qadağandır. Birbaşa istehsalçıdan alınmalıdır. Ancaq biz görürük ki, Azərbaycana 3-cü ölkələrdən uşaq qidaları idxalı baş verir. O körpə qidasının ki, tərkibində soya komponenti var, bu, GMO komponentidir. Onu bir dəfə içən insan ayrılmaq istəmir.
Günel CƏLİLOVA