Artıq Yeni ilin gəlişinə sayılı günlər qalıb. Hər kəs bayramı qeyd etməyə hazırlaşır. Evlərdə Yeni il ab-havası həm də yolkaların qurulması, uşaqlar üçün oyuncaqlar və Yeni il hədiyyələrinin alınması ilə yaradılır. Hazırda bazarda 15 manatdan başlayaraq 300 manatadək qiyməti olan yolkalar var.
Yeni il oyuncaqları və uşaqlar üçün hədiyyələrin qiymətləri də müxtəlifdir. Ekspertlər yolka oyuncağı alarkən əhalini ehtiyatlı olmağa çağırır. Onların bildirdiyinə görə, Çin istehsalı olan yolka oyuncaqları zəhərlidir və insan səhhətinə zərərlidir.
Professor, həkim-ekspert Adil Qeybullanın fikrincə, yolka və uşaqların diqqətini çəkən bu kimi oyuncaq, bəzək əşyaları alarkən diqqətli olmaq vacibdir: "Yeni ili daha çox uşaqlar gözləyir və buna görə də onları haradan gəldi yolka alıb təhlükəyə atmaq olmaz. Sintetik məhsullar, yolka oyuncaqları uşaq orqanizminə ziyanlıdır. Çünki yolka evdə qurulubsa, istər-istəməz, uşaqlar ona əl vurur. Uşaqlarda dəri böyüklərdən fərqli olaraq çox həssas olur. Təbii olmayan oyuncaqlar mikrobları özlərinə tez yığır. Uşaqlar sintetik maddələrlə təmasda olan zaman onlarda olan mikroblar uşaqları zəhərləyə bilər. Bunu da heç bir valideyn istəməz. Bir sözlə, satışdakı plastik məhsullardansa, təbii küknar ağacından hazırlanan yolkadan istifadə etmək daha məsləhətlidir. Təbiətin yaratdığının sağlamlığa ziyanı ola bilməz".