"Azərbaycanda emal sənayesinin digər sahələrində yeni istehsal güclərinin yaradılması üçün geniş imkanlar var. Son illər ölkədə əsasən yeyinti sənayesi, yüngül sənaye, mebel sənayesi, tikinti materiallarının istehsalı sahələrində qabaqcıl texnologiyaların tətbiqi ilə rəqabətqabiliyyətli çoxlu sayda müəssisə qurulub". Bu barədə "Azərbaycan Respublikasında sənayenin inkişafına dair 2015-2020-ci illər üçün Dövlət Proqramı"nda qeyd olunur.
Dövlət Proqramının icra müddətində yüksək texnologiyaların tətbiqi ilə yeni istehsal sahələrinin fəaliyyətə başlaması da prioritetlər sırasındadır. Bu baxımdan elektron avadanlıqların istehsalının genişləndirilməsi və əczaçılıq məhsullarının istehsalının qurulması imkanları nəzərdən keçirilməlidir. Yüksək texnologiyalı istehsal böyük həcmdə araşdırma və inkişaf etdirmə fəaliyyəti tələb etdiyi üçün bu sahədə prioritetlərin bir neçə konkret sahə ilə məhdudlaşdırılması məqsədəuyğundur.
Artıq Azərbaycanda dərmanın istehsal olunması ekspertlər tərəfindən müsbət dəyərləndirilir.
Professor, həkim - ekspert Adil Qeybullanın sözlərinə görə, Azərbaycanın dərman istehsal etməsi sevindiricidir: "Dərmanın hazırlanmasında lazım olan bitkilər Azərbaycanda becərildiyi üçün biz rahatlıqla dərman istehsal edə bilərik.
Amma, bununla yanaşı, bir neçə məsələni də qeyd etmək istəyirəm. Belə ki, Almaniya istehsalı olan dərmanlar, demək olar ki, Şərq reseptləri əsasında hazırlanır. Avropa səviyyəsində dərman istehsal etmək üçün modern texnologiyalar Azərbaycana gətirilməlidir. Bu sahə ilə məşğul olan kadrlar hazırlanmaladır".
A.Qeybullanın fikrincə, Abşeron və Sumqayıtda dərman zavodu tikmək olar. Çünki bu ərazilər dərman istehsalı üçün ideal məkanlardır.