Hamilə qadınlara və əlillərə işləmək üçün qadağa qoyula bilməz. Trend-in məlumatına görə, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov bu gün jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, qadınların kişilərlə əmək sahələrində işləməsi üzrə bərabərliyin təmin olunması üçün bir sıra peşələrdə qadınların çalışmasına qoyulan qadağalar aradan qaldırılmalıdır və hazırda bunun üzərində iş gedir: "Bu hüquq qadının özünə verilməlidir. Yəni onun hüququ var ki, hamiləlik öncəsi və ya sonrası 140 gündən istifadə etsin, sonra ilyarım, daha sonra yenidən ilyarım sosial məzuniyyətə çıxmaq hüququ var. Eyni zamanda bu müddətdə işləmək hüququ var. Digər ölkələrin təcrübəsinə uyğunlaşdırılaraq, əvvəllər qadağan olunan işlərin siyahısı son dərəcə azaldılmalı və seçim hüququ qadının özünə verilməlidir. Ümumiyyətlə, bütün məsələlərdə bu qadağaları aradan qaldırmağı düşünürük".