Birinci sinfin “Azərbaycan dili” – “Hüsnxətt”dərsliyində dil normaları və qaydaları kobud şəkildə pozulub. Sosial şəbəkələrdə bununla bağlı foto paylaşılıb. Dərslikdə mövzulardan birində Azərbaycan dilinin orfoqrafiya lüğətinə istinad olunmaması ciddi tənqid edilib.
Dərslikdə “J” hərfinin öyrənilməsi ilə bağlı mövzuya uyğun foto seçilməyib. Hərfə görə yerləşdirilən fotoya Azərbaycanın orfoqrafiya lüğətinə görə “gödəkcə” şəkli yerləşdirilsə də, bu ifadə birincilərə rus dilində, yəni “jilet” olaraq tədris olunur.
Təhsil Nazirliyi - Cəsarət Valehov: “Dərsliyi özəl qurum çap edib”
Məsələ ilə bağlı Təhsil Nazirliyinin mətbuat katibi Cəsarət Valehov bildirdi ki, dərsliyi özəl qurum çap edib: “Özəl qurum sadəcə çapın keyfiyyətinə cavabdehlik daşıya bilər, məzmuna isə, yəqin ki, kimsə baxmalıdır”.
Nizami Hüseynov: “Dərsliklərdə şagirdlərin yaş psixologiyası və fizioloji xüsusiyyətləri nəzərə alınmalıdır”
Təhsil eskperti Nizami Hüseynov bildirdi ki, hazırda təhsil sistemində istifadə olunan dərsliklərin əksəriyyəti strateji vəzifəni yerinə yetirmir. Dərsliklərin məqsədi məktəbliləri müasir standartlara uyğun bilik, bacarıq və vərdişlərə yiyələndirmək, Vətəninə, xalqına, onun adət-ənənələrinə bələd olan, milli və ümumbəşəri dəyərlər zəminində formalaşan, fiziki və mənəvi cəhətdən sağlam, müstəqil həyata hazır və demokratik düşüncəli vətəndaşlar kimi yetişdirməkdir: “Amma real vəziyyət budur ki, dərsliklər öz funksiyasını yerinə yetirə bilmir. Dərsliklərdə şagirdlərin Azərbaycan xalqının milli, mənəvi və mədəni dəyərləri ruhunda tərbiyə olunmasına, onların öz ailəsini, xalqını, Vətənini sevməsinə, insan haqlarına və bəşəri dəyərlərə hörmət etməsinə yönələn ideyalar olmalıdır. Şagirdlərin yaş psixologiyası və fizioloji xüsusiyyətləri nəzərə alınmalıdır, dünyəvilik prinsipinə riayət edilməlidir, elmin, texnikanın və mədəniyyətin müasir nailiyyətləri haqqında yoxlanılması mümkün olan və səlahiyyətli mənbələrdən götürülmüş məlumatlar öz əksini tapmalıdır, illüstrasiyalar yığcam və mövzulara uyğun olmalıdır. Son dövrlərdə çap olunan dərsliklərin böyük əksəriyyətində bu tələblər gözlənilmir”.
Günel CƏLİLOVA