Balaqardaş Fərhad oğlu Vəliyev. İndi bu ad Masallı rayonunda kiçikdən tutmuş böyüyə kimi hamının dilində qürurla, iftixarla çəkilir. Balaqardaş 44 gün davam edən, şanlı qələbəmizlə başa çatan İkinci Qarabağ müharibəsində haqq savaşımızda Vətən, torpaq uğrunda şücaət göstərərək canından keçməklə təkcə valideynlərin deyil, xalqının, yurdunun başını uca etmişdir.
İgid əsgər Hadrut istiqamətində gedən döyüşlərin birində düşmənin snayper atəşinə tuş gəlir, şərəfli bir ölüm onu əbədiyyət adlı dünyaya qovuşdurur. Ölümündən sonra Balaqardaş Vəliyev "Vətən uğrunda" medalına layiq görülür.
Masallı camaatı yığışaraq öz qəhrəman oğluna anım mərasimi keçirtdilər. Əvvəlcə onun məzarı ziyarət edildi, ehtiram əlaməti olaraq üstünə təzə güllər qoyuldu. Çıxışlarda şəhid barədə xatirələr dilə gətirildi, daim xalqının ürəyində yaşayacağı, gələn nəsillərə də örnək olacağı bildirildi.
Anım mərasimində rayon sakinlər ilə bərabər Masallı Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov və aparatı, Milli Məclisin deputatları Məşhur Məmmədov və Anar İsgəndərov, hüquq-mühafizə orqanlarının, müəssisə və təşkilat rəhbərləri, YAP Masallı Rayon Təşkilatının fəalları, şəhid ailələri, Vətən müharibəsinin qəhrəmanları iştirak edirdi.
Zəfər ORUCOĞLU Azərbaycan Jurnalistlər Birliyinin üzvü