Masallı Tarix -Diyarşünaslıq Muzeyində Kamil Əliyevin anadan olmasının 100 illiyi ilə bağlı tədbir keçirildi. Tədbir Vətən torpaqlarının azadlığı uğrunda canından keçən şəhidlərin və xalçaçı-rəssam Kamil Əliyevin xatirəsini bir dəqiqəlik sükutla yad olunmaqla başlandı. Birinci söz sahibi Muzeyin direktoru, Əməkdar Mədəniyyət işçisi, Azərbaycan Jurnalistlər Birliyinin üzvü Əntiqə Tağıyeva dedi: “Ölkə başçısı Azərbaycan xalça, rəssamlığı sənətinin görkəmli nümayəndəsi ,xalq rəssamı ,professor Kamil Əliyevin anadan olmasının 100 illiyini qeyd etməkdən ötrü sərəncam imzalayıb. İmzalanan sərəncam həm də sənətə və sənətkarlara verilən yüksək dəyərdir. İlk yaradıcılıq işini ustad şair Məhəmməd Füzuliyə həsr edən dahi yaradıcı şəxsiyyətin əsərləri Paris, London, Ankara, İstanbul, Moskva kimi şəhərlərin muzeylərində nümayiş olunur. Ən əsası professor Kamil Əliyev solmaz əsərləri ilə Azərbaycan rəssamlıq sənətində böyük yeniliklər etmişdir”.
Muzeyin əməkdaşı Sevinc Əliyevanın çıxışı tədbir iştirakçılar tərəfindən daha maraqla qarşılandı. O, dedi:- Azərbaycan xalçaçılıq sənətinin klassik, rənglər və ilmələr sehrkarı kimi tanınır professor Kamil Əliyev. Dahi sənət adamının yaradıcılığında süjetli xalılar, portret xalçalar xüsusi rol oynayırdı. O, dekorativ tətbiqi sənətini yeni yüksəkliklərə qaldırdı. Azərbaycan rəssamlıq tarixində xüsusi imzası olan Kamil Əliyev dünyada tanınan sənətkar xalçaçı idi.
Professorun tələbəsi və onu özünə sənətin atası sayan Tünzalə Əliyeva isə söz alıb Kamil Əliyevlə bağlı xatirələrini bölüşdü, Masallıda yaradılan Xalça toxuma sexinin yaradılması və xalçaçı olaraq böyük rəssamın sənətindən öyrəndiyini dedi.
Sonda tədbir iştirakçılar Kamil Əliyev yaradıcılığına həsr olunmuş sərgiyə baxdılar, gənc xalçaçı Z. İbadovaya təşkilatçılar tərəfindən hədiyyə təqdim olundu.
Masallı Tarix- Diyarşünaslıq Muzeyi və Dövlət Rəsm Qalereyasının birgə tədbirində xalçaçı Tünzalə xanım, Masallı rayon Uşaq Gənclər inkişaf mərkəzinin kollektivi, Masallı Regional Kollecin müəllimləri, tələbələri və mədəniyyət nümayəndələri iştirak edirdilər.
Zəfər ORUCOĞLU Azərbaycan Jurnalistlər Birliyinin üzvü