Baramaçılıq həmişə respublikamızın kənd təsərrüfatının yüksək gəlir gətirən sahəsi olubdur. Son vaxtlar baramaçılıq bir qədər diqqətdən kənar düşmüşdü. İndi onun əvvəlki şöhrətini qaytarmaqdan ötrü ölkə başçısının verdiyi tapşırığına əsasən ardıcıl tədbirlər görülür. Lənkəran zəhmətkeşləri də bu cərgədə olmaqla baramaçılığın inkişafına səy göstərirlər.
Belə ki, Prezident İlham Əliyevin ipəkçiliyin inkişafına dövlət dəstəyinin davam etməsi tədbirləri haqqında sərəncamının və müvafiq tapşırıqlarının icrası ilə əlaqədar baramaçılığın yem bazasının yaradılması üçün 2016-cı ildən etibarən Çin Xalq Respublikasından Lənkərana gətirilmiş, eləcə də sonrakı illərdə ölkəmizdə tədarük edilən tut tinglərinin əkini keçirilib. Həm də bu işin daha səmərəli, yüksək səviyyədə təşkili üçün ötən müddət ərzində rayonda bir neçə qabaqcıl təsərrüfatlar yaradılmış və bu istiqamətdə işlər indinin özündə də səngimir. Cari ilin dekabr ayının əvvəllərində Lənkəranın təsərrüfatlarına Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “Azərbaycan Yaşıllaşdırma və Landşaft Quruluşu” ASC tərəfindən 3000 ədəd tut tingi verilib. Həmin tinglərinin bölgüsü aparılmaqla rayonun 8 yaşayış məntəqəsində mütəxəssislərin göstərişinə əsasən aqrotexniki qaydalara düzgün əməl olunmaqla torpağa əkilibdir. Tut tinlərin sağlam boy atmasına, məhsuldar olmasına görə onlara qulluq işləri şəhər İcra hakimiyyəti və Lənkəran DAİM tərəfindən nəzarətdə saxlanılır.
Zəfər ORUCOĞLU Azərbaycan Jurnalistlər Birliyinin üzvü