“Qış gəldi, dərd gəldi” deyimi neçə illərdən bəri öz aktuallığını qorumağı bacarır. Hər kəs bu ifadəni öz probleminə uyğun səsləndirə bilər. Amma qışın ən önəmli tərəfi mənzillərin isidilməsi və insanların isti su ilə təminidir.
Bu gün paytaxtda və respublikanın bəzi yerlərində elə binalar var ki, əvvəllər istilik sistemi olsa da, indi sistem işlək halda deyil.
Sumqayıt şəhəri 47-ci məhəllə ərazisindəki 7 saylı binanın sakinləri yaşadıqları ünvana istiliyin verilməməsindən şikayətçidir. Sakinlər bildirir ki, bina istifadəyə verilərkən qazanxana tikilsə də, 19 ildir istilik üzü görmürlər.
Beşmərtəbəli binada şəhid ailələri və əlillər yaşayır. Onlar da illərdir qışın soyuğunda isinə bilmirlər: “Çarəsizlikdən elektrik sobalarından istifadə edirik. Onlar da işığın sərfiyyatını artırır”.
Sakinlər onu da qeyd edir ki, problemin həll olunması üçün həm aidiyyəti qurumlara, həm də ərazi üzrə deputat Hicran Hüseynovaya dəfələrlə yazılı və şifahi müraciət etsələr də, onlara cavab verən olmayıb.
Sumqayıt Şəhər İcra Hakimiyyəti: “47-ci məhəllə ərazisində olan binaların heç birində istilik mövcud deyil”
Sumqayıt Şəhər İcra Hakimiyyətindən bildirildi ki, problemdən xəbərdardırlar: “47-ci məhəllə ərazisində olan binaların heç birində istilik mövcud deyil. Gələcəkdə həmin binalar şəhərin mərkəzi istilik sisteminə qoşulacaq. Ondan sonra vətəndaşların istiliklə bağlı problemi öz həllini tapacaq”.
Hicran Hüseynova: “7-ci məhəllə ərazisindəki 7 saylı binanın probleminin həll olunması ilə bağlı aidiyyəti qurumlara müraciət etmişik”
Millət vəkili Hicran Hüseynova “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, mütəmadi olaraq şəhər sakinləri ilə görüş keçirilir: “Görüş zamanı onların problemi dinlənilir. 47-ci məhəllə ərazisindəki 7 saylı binanın probleminin həll olunması ilə bağlı aidiyyəti qurumlara müraciət etmişik”.
Günel CƏLİLOVA