Respublikanın bölgələrində fəaliyyət göstərən tibb ocaqlarının əksəriyyəti kadr çatışmazlığından əziyyət çəkir. Baxmayaraq ki, bölgələrdə yeni xəstəxanalar tikilərək müasir tibbi avadanlıqlarla təmin edilib, amma həkim çatışmazlığı ciddi problem kimi qalmaqda davam edir. Belə bir hal Abşeron rayonunda da yaşanır. Sakinlər bildirir ki, Abşeron Rayon Mərkəzi Xəstəxanasında (ARMX) və ümumiyyətlə, rayon ərazisində bir nəfər olsun LOR (qulaq-burun-boğaz) həkimi yoxdur.
Onu da qeyd edək ki, 2021-ci il fevral ayında Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva Abşeron Rayon Mərkəzi Xəstəxanasının yeni inşa edilən binasının açılışında iştirak ediblər. Dövlət başçısı və Birinci vitse-prezident xəstəxanada yaradılan şəraitlə tanış olub. Mətbuatda gedən məlumatda qeyd olunub ki, Azərbaycan Prezidentinin müvafiq Sərəncamı ilə tikilmiş 150 çarpayılıq tibb müəssisəsi ən zəruri avadanlıqla təchiz olunub, burada dünyanın aparıcı şirkətlərinin avadanlığı quraşdırılıb. Bildirilib ki, xəstəxanada cərrahiyyə, terapiya, pediatriya, reanimasiya, dializ və digər şöbələr, həmçinin laboratoriyalar fəaliyyət göstərəcək.
Maraqlıdır, 400 mindən artıq əhalisi olan rayonda LOR həkimi niyə yoxdur?
TƏBİB - Elnarə Baxış: “Xəstəxanada vakansiya var və müraciət ediləcəyi halda müvafiq qərar veriləcək”
TƏBİB-in (TİBBİ Ərazi Bölmələrini İdarəetmə Birliyi) İctimaiyyətlə əlaqələr şöbəsinin məsləhətçisi Elnarə Baxış bildirdi ki, xəstəxanada vakansiya var və müraciət ediləcəyi halda müvafiq qərar veriləcək: “Xəstəxana bizə tabedir, bizim də mövqeyimiz xəstəxanayla üst-üstə düşür. Orda LOR vakansiyası var. Müraciət olarsa, müvafiq qərar veriləcək. Hələlik təəssüf ki, müraciət yoxdur. İndiki halda isə vətəndaşların müalicəsi ilə bağlı hər hansı problem yoxdur. Həkim müayinəsindən sonra, ehtiyac olarsa, xəstəxana vətəndaşı TƏBİB-in tabeliyindəki digər xəstəxanalara müalicə üçün göndərir”.
Adil Qeybulla: “Xəstə müraciət etdikdə müəssisədə mütəxəssis olmadığı halda, icbari tibbi sığorta paketi daxilində həmin xəstə digər xəstəxanalara yönləndirilə bilər”
Tibb elmləri doktoru, professor Adil Qeybullanın sözlərinə görə də, xəstə müraciət etdikdə müəssisədə mütəxəssis olmadığı halda, icbari tibbi sığorta paketi daxilində həmin xəstə digər xəstəxanalara yönləndirilə bilər: “Xəstə icbari tibbi sığorta paketi ilə yaşayış yeri üzrə bir xəstəxanaya müraciət edir. Həmin xəstəxanada lazımi mütəxəssis və lazımi müalicə metodu olmadıqda, həmin paket çərçivəsində digər xəstəxanalar seçilə bilər. Yəni burada bir problem yoxdur. Əlbəttə, bütün xəstəxanalarda bəzən vakansiyalar da olur, bəzən yer çatışmazlığı, hansısa mütəxəssisin olmaması da olur. Təbabətin elə sahələri olur ki, həmin mütəxəssislər xəstəxanada olmaya da bilər. Bu baxımdan da icbari tibbi sığorta paketində xəstənin müraciət etdiyi xəstəxanaya yaxın xəstəxanalarda, hətta özəl sektordakı xidmətlərdən də istifadə edilə bilər”.
Günel CƏLİLOVA