Azərbaycan Ordusunun 44 günə zəfərlə başa çatdırdığı İkinci Qarabağ müharibəsində öz canını Vətən və torpaq uğrunda fəda edən daha bir igidimiz Cəfər Babacəfər oğlu Cəfərlidir. O, döyüş meydanında odun-alovun içində qəhrəmanlıq salnaməsini yazaraq ölümsüz ömür qazandı. İndi onun adı böyük bir xalqın dilində qürurla çəkilir.
Yardımlı rayonunun Avun kəndində anadan olmuş Cəfər Cəfərli müqəddəs və şərəfli bir yolda şəhid olanda ömrünün 22-ci ilini yaşayırdı. Müharibə zamanı erməni faşistlərinə qarşı Xüsusi Təyinatlı Qüvvələrin tərkibində vuruşur. Ən qaynar bölgələrdə düşmənə sarsıdıcı zərbələr endirir. Qarabağın hər qarşı uğrunda əzmlə mübarızə aparır. Şuşaya qədər min əzab-əziyyətli, ölümlü yollar keçir. Qələbəyə böyük ümid bəsləməklə atıldığı döyüşlərdən zəfərlə çıxır. Son döyüş günü də Vətənini öz canından əziz tutan Cəfər əsl şücaət göstərir, şərəflə şəhidlik zirvəsinə yüksəlir. İgid əsgər ölümündən sonra "Azərbaycan Bayrağı" ordeni, “Vətən uğrunda”, Şuşanın, Cəbrayılın, Füzulinin, Xocavəndin, Kəlbəcərin azadlığına görə və "Cəsur döyüşçü" medallarına layiq görülür.
Dağlar diyar Yardımlı rayonunda qəhrəman şəhidin anım mərasimi keçirildi. Tədbirə qatılan Rayon İcra Hakimiyyətinin başçısı Ayaz Əsgərov, hüquq-mühafizə orqanlarının rəhbərləri, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Yardımlı rayon şöbəsinin rəisi, aparatının məsul əməkdaşları, KİV nümayəndələri, əhali Cəfər Cəfərlinin yuduğu torpağı ziyarət edib üzərinə gül dəstələri qoydular. Daha sonra RİH başçısı Ayaz müəllim çıxış etdi. O, dedi:- Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusu böyük şücaət və yüksək döyüş hazırlığı göstərərək 30 il düşmən tapdağında qalan Vətən torpaqlarını azad etdi. Qazanılan bu möhtəşəm zəfərlə xalqımızın haqq uğrunda mübarizə aparmaq əzmi, əsl döyüş ruhu bütün dünyaya bəlli oldu. Fəqət, böyük qələbə sevincini bizə yaşadan Cəfər kimi igid Vətən oğulları ilə həmişə fəxr etməliyik. Vətən, torpaq uğrunda qəhrəmanlıq göstərənlər cismən aramızda olmasalar da, onlar qəlbimizdə yaşayarlar.
Zəfər ORUCOĞLU Azərbaycan Jurnalistlər Birliyinin üzvü