Azərbaycanın 2020-ci ilin sentyabr-noyabr aylarında apardığı Vətən müharibəsi torpaqlarımızın erməni işğalçılarından azad olunması ilə nəticələndi. Bütün müharibələrdə olduğu kimi, Vətən müharibəsində də itkilərdən qaçmaq mümkün deyildi. Baxmayaraq ki, Azərbaycan müharibədə müasir dünyada ən qabaqcıl texnologiyalardan istifadə etməklə itkilərin sayını minimuma endirməyi bacardı, amma ermənilərin vəhşiliyi üzündən 2800-dən çox igid döyüşçümüz şəhid oldu, minlərlə döyüşçümüz yaralandı, müxtəlif bədən xəsarətləri aldı. Bundan əlavə, 100-dək mülki əhali vandalizmin qurbanı oldu.
Azərbaycan hökuməti müharibənin gedişindəcə yaralıların, zərərçəkənlərin hərtərəfli qayğı ilə əhatə olunması istiqamətində zəruri addımları atmağa başlayıb. Müharibə başa çatandan dərhal sonra yaralıların, şəhid ailələrinin bütün problemlərinin həlli istiqamətində real addımlar atıldı. Dövlətin və cəmiyyətin birgə fəaliyyətini nəzərdə tutan YAŞAT Fondu yaradıldı. Qısa müddətdə fonda on milyonlarla manat vəsait toplanıb. Öz fəaliyyətində şəffaflıq və hesabatlılığı əsas tutan fondun əməkdaşları indiyədək şəhid ailələrini, qaziləri evində ziyarət ediblər. Onlara lazım olan köməkliyi edib. Həmçinin, yaralı qazilərin qardaş Türkiyəyə müalicəyə göndərilməsi prosesi davam edir. Bu istiqamətdə görülən işlərə baxmayaraq, hələ də müharibə iştirakçılarının probleminin həlli istiqamətində bəzi problemlər yaşanır.
Belə ki, Vətən müharibəsi iştirakçısı, Xaçmaz rayon sakini Nurəhmədov Rəşid Raidoviçə əlillik təyin olunmaması ilə bağlı iddialar yayılıb. Bildirilib ki, əlillik dərəcəsinin müəyyən olunması üçün tibbi-sosial ekspert komissiyası ona əlillik dərəcəsi verməkdən imtina edib.
“Vətəndaşın şikayəti nəzərə alınmaqla o, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində bir daha əyani müayinəyə cəlb ediləcək”
Məlum məsələ ilə bağlı Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Tural Qurbanov bildirir ki, Vətən müharibəsi iştirakçısı, Xaçmaz rayon sakini Nurəhmədov Rəşid Raidoviç 08.04.2021- ci il tarixində yerli Tibbi Sosial Ekspert Komissiyası tərəfindən əyani müayinə edilib: “10.08.2021-ci il tarixində isə əlilliyin qiymətləndirilməsi ilə bağlı şəxsə dair Xaçmaz Rayon Mərkəzi Xəstəxanası tərəfindən elektron sistemə göndəriş daxil edilib. Mərkəzi Hərbi Həkim Komissiyasının yekun şəhadətnaməsində qeyd edilən diaqnoz əlilliyə əsas vermədiyi üçün Rəşid Nurəhmədov barədə imtina qərarı verilib. Vətəndaşın şikayəti nəzərə alınmaqla o, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində bir daha əyani müayinəyə cəlb ediləcək. Rəşidin ailəsinə sığorta ödənişi (2750 manat) və "YAŞAT” Fondu tərəfindən maddi-məişət şəraitinin yaxşılaşdırılmasına dəstək olaraq maddi yardım (2500 manat) edilib.
Onu da bildirim ki, Vətən müharibəsi iştirakçısının sosial şəbəkə səhifələrində yayılan fotosu hazırkı vəziyyətini əks etdirmir”.
Günel CƏLİLOVA