Məlum olduğu kimi, təhsil naziri Emin Əmrullayev ali və orta ixtisas təhsili müəssisələrində 2021-2022-ci tədris ilinin payız semestrinin imtahan sessiyasının təşkili ilə bağlı əmr imzalayıb. Əmrə əsasən, sözügedən təhsil müəssisələrində cari tədris ilinin payız semestrinin imtahan sessiyası 3 yanvar 2022-ci il tarixindən əyani formada təşkil ediləcək.
İmtahan prosesinin ənənəvi qaydada keçirilməsi tələbələrin narazılığına səbəb olub. Onlar bildirir ki, 3 semestrdir imtahan distant formada keçirilirdi. İmtahanın ənənəvi qaydada keçirilməsi prosesinə tələbələrin adaptasiyasında müəyyən qədər problemlər olacaq.
“Əvvəlki dövrlərlə müqayisədə bu dəfə tələbələrin adaptasiyasında müəyyən qədər problemlər olacaq”
Təhsil eksperti Kamran Əsədov qeyd etdi ki, ali təhsil müəssisələrində imtahan sessiyasının yenidən ənənəviyə qayıtması özündə müəyyən problemlər yaradacaq: “2020-ci ilin mart ayından etibarən Azərbaycanda tədris prosesinin məsafədən təşkil edilməsinə başlandı. Bu da zəruri idi, çünki bizim təhsil müəssisələrində kifayət qədər böyük sayda insanlar təhsil alır. Bu qədər insanın aktiv hərəkət etməsi birmənalı şəkildə yoluxmaya öz təsirini göstərə bilər. 2020-ci ilin yaz imtahan sessiyası məhz ənənəvi qaydada deyil, məsafədən təşkil edildi. Bu da özü ilə bərabər müəyyən problemlər gətirmişdi, imtahan zamanı ciddi yüklənməyə görə internetin atması kimi səbəblərlə proqramda bütün fənlər üzrə imtahanları vermək mümkün olmur. Amma buna baxmayaraq, Azərbaycan təhsil sistemi 2020-ci ilin yaz və payız imtahan sessiyalarını ali və orta ixtisas təhsili müəssisələrində onlayn rejimdə proqramlar vasitəsilə həyata keçirməyə başladı. Burada müsbət tərəflərdən biri də o idi ki, təhsil sistemimizin elektronlaşması, eyni zamanda təhsilverənlərin alətlərdən istifadə edərək tədrisi təşkil etmək bacarıqları yarandı”.
Ekspert hesab edir ki, ali təhsil müəssisələrində imtahan sessiyasının yenidən ənənəviyə qayıtması özündə müəyyən problemlərə səbəb olacaq: “Məlumdur ki, dərslərin və imtahanların onlayn təşkili zamanı müəyyən qədər sui-istifadələr var idi. Yəni bizim tələbələrimiz kənardan kömək alırdılar, bəzən müəllimlər ciddi şəkildə güzəşt edirdilər, internetin, eyni zamanda hər kəsin texniki təchizatının olmamasını müəyyən qədər anlayışla qarşılayırdılar. Amma bu keyfiyyətli deyildi. Etiraf edək ki, ali təhsil müəssisələrində imtahan sessiyalarının onlayn rejimdə keçirilməsi keyfiyyətli olmurdu. İndi isə biz yenidən ənənəviyə qayıdırıq. Burada bir neçə məsələdə anlaşılmazlıq var. İmtahanlarda biliyin qiymətləndirilməsi zamanı tələbələrin adaptasiya məsələsi diqqətə alınmalıdır. Nəzərə almaq lazımdır ki, əvvəlki dövrlərlə müqayisədə bu dəfə tələbələrin adaptasiyasında müəyyən qədər problemlər olacaq. Çünki üç semestr tədris şifahi formada təşkil edilib, eyni zamanda imtahanlar da bu formada keçirilib. İmtahanların yazılı olaraq keçirilməsi tələbələrə müəyyən qədər çətinlik yaradacaq. Ona görə də hesab edirəm ki, bunu anlayışla qarşılamaq lazımdır. Digər tərəfdən, pandemiya dövrünün qaydalarına əməl etmək mütləqdir. Xüsusilə biliyin qiymətləndirilməsi zamanı tələbələrin yeni prosesə adaptasiyaları mütləq şəkildə ali təhsil müəssisələrində nəzərə alınmalıdır. Biz bunu daha çox texniki və təbiət fənlərinə tövsiyə edirik, orada tələbələr üç semestrdir yeni qaydada imtahan verir və birdən-birə ənənəviyə qayıtmaq fiziki və psixoloji problemlər yaradacaq”.
Günel CƏLİLOVA