Azərbaycanda karqo xidməti göstərən firmalar, iri şirkətlər vətəndaşların istədikləri ölkədən ehtiyac duyduğu məhsulu əldə edə bilmələri üçün ən rahat və güzəştli vaistə sayılır. Lakin bəzi hallarda karqo firmaları tərəfindən aldadılma halları qeydə alınır. Qeyd edilir ki, karqolar müştəridən artıq pul almaq üçün məhsul qablaşdırılan zaman ona artıq kağız bükürlər ki, məhsulun çəkisi çox olsun.
Danılmaz faktdır ki, yerli istehlakçılar daha çox Türkiyədən məhsul sifariş verir. Karqo şirkətləri də daha çox Türkiyədən sifariş verilən məhsulları çatdırır.
Məlumat üçün bildirək ki, Türkiyədən məhsul çatdırılmasına görə tariflər 200 qrama qədər 1 dollar, 500 qrama qədər 2-3, 700 qrama qədər 4 və 1 kiloqrama qədər 4-5 dollar civarındadır. ABŞ-dan daşımalarda isə bu məbləğ müvafiq olaraq təxminən 0,5-1 dollar artıqdır.
“İstehlakçıdan daha artıq vəsaitin alınması məqsədilə məhsulun çəkisinin qəsdən artırılması halları var, bu yolverilməzdir”
Iqtisadçı Kamran Məmmədli bildirdi ki, son zamanlar karqo şirkətləri ilə bağlı şikayətlərin sayı artıb: “İstehlakçıdan daha artıq vəsaitin alınması məqsədilə məhsulun çəkisinin qəsdən artırılması halları da var. Bunun üçün şirkətlər məhsulu bir neçə paketə bükürlər. Bu yolverilməzdir”.
Həmsöhbətimiz onu da əlavə etdi ki, elektron ticarətin əhatə dairəsi gündən-günə böyüyür. Bazarda hazırda onlarla yerli karqo şirkəti fəaliyyət göstərir. Bu sahədə ciddi rəqabət var: “Bu səbəbdən də karqo şirkətləri müştərini məmnun etməyə çalışmalıdır”.
K.Məmmədlinin sözlərinə görə, məlum məsələ ilə bağlı qaydalar da müəyyən edilməlidir: “Bu sahəyə ciddi nəzarət olmalıdır. Qaydalar müəyyənləşməlidir. Şirkətlər insanlardan istədikləri kimi xərclər tuta bilməməlidirlər. Xidmətin dəyərindən artıq pul tutmaq olmaz”.
Günel CƏLİLOVA