Bakı Qızlar Universitetinin (BQU) mühasibatlığı tərəfindən diplomunu götürmək istəyən hər məzundan 50 manat pul tələb edilməsi haqqında məlumat yayılıb. Məlumatda qeyd olunur ki, diplomunu götürmək istəyənlər mühasibatlığa 50 manat ödəniş etməlidirlər.
Məsələ ilə bağlı Bakı Qızlar Universitetindən bildirildi ki, məzunlardan 50 manat diploma görə tələb edilmir: “Universitet yaranandan, yəni 30 ildir qayda belədir. Ötən il pandemiya ilə əlaqədar tələbələrlə kontakt çox zəif olduğu üçün belə bir anlaşılmazlıq yaranıb. Bu məbləğ 4-cü kursun təhsil haqqına əlavədir. Yekun attestasiya ilə bağlı komissiya təşkil olunur, sədr dəvət edilir, sənədlər işlənir, əmək haqqı ödənilir. 50 manat bütün bunlara görə, təhsil haqqına əlavə edilir. 1-ci kursa sənəd verərkən universitetlə bağlanılan müqavilədə də bu öz əksini tapır. Məzunlar bankla da ödəniş edib qəbzi gətirə bilirlər”.
Günel CƏLİLOVA