Ulu Öndərin qarşıdan gələn vəfatının ildönümü ilə əlaqədar Masallı rayon Heydər Əliyev Mərkəzi tərəfindən “Xalqın xilaskarı” mövzusunda elmi-praktik konfrans keçirildi. Karantin qaydalarını gözləməklə tədbirdə Mərkəzin kollektivi, rəsmi şəxslər, ictimai birlik nümayəndələri, təhsil işçiləri, tələbələr iştirak edirdilər.
Ümummilli lider Heydər Əliyevin və İkinci Qarabağ müharibəsində torpaq uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Sonra Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən video-çarx nümayiş olundu.
Mərkəzin direktoru Dilbər İbayeva konfransı açaraq dedi:- Müasir Azərbaycan dövlətinin əldə etdiyi bütün dinamik tərəqqi və inkişaf bilavasitə həyatının böyük hissəsini öz Vətəninə, xalqına həsr etmiş Ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır.
Masallı Ziyalılar Cəmiyyətinin sədri Qardaş Fətullayev Ulu Öndər Heydər Əliyevlə bağlı fikirlərini belə bildirdi: “ Böyük siyasi xadim, Türk xalqlarının dəyərli oğlu Heydər Əliyev Azərbaycan tarixinə müstəqilliyimizin memarı, dövlətçiliyimizin xilaskarı kimi düşmüşdür. Ümummilli lider müdrik siyasətə, dönməz əqidəyə və uzaqgörənliyə malik şəxsiyyət kimi müasir Azərbaycan dövlətinin qurulması istiqamətində olduqca düzgün addımlar atmışdır.”
Daha sonra söz alan Heydər Əliyev Mərkəzinin əməkdaşı Gülcahan Vəkilzadə, Gənclər və İdman İdarəsinin əməkdaşı Mehman Zahidov, Masallı Dövlət Regional Kollecinin müəllimi Elvira Soltanzadə Ulu Öndərin Azərbaycan dövləti, eləcə də xalqı qarşısında əvəzsiz xidmətlərdən, ölkənin inkişafına göstərdiyi diqqət və qayğılarını dilə gətirdilər, dövlətimizin son illərdə əldə etdiyi nailiyyətlərin Heydər Əliyev siyasətinin bəhrəsi olduğunu qeyd etdilər, dahi şəxsiyyətin müasir tariximizdəki müstəsna rolundan ətraflı danışdılar .
Zəfər ORUCOĞLU Azərbaycan Jurnalistlər Birliyinin üzvü