Bakıda “Xalqlar dostluğu” ticarət mərkəzində uzun illərdir çalışan bir qrup icarədar qiymətlərin baha olmasına etiraz edərək mağazalarını bağlayıb.
Bu barədə şikayətçilər məlumat yayıb. Onlar bildirir ki, yarmarka rəhbərliyi icarə qiymətlərində heç bir güzəştə getmədiyi üçün mağaza işlətmək onlara sərf etmir. Onlar həmçinin deyiblər ki, pandemiya vaxtı da onlara güzəşt olunmayıb.
Hazırda 86 icarədarın mövcud qiymətlərdən narazı olduğunu deyən şikayətçilər bu məqsədlə mağazaları bağlayaraq işləməkdən imtina ediblər.
Şikayətçilər bildirir ki, yarmarka rəhbərliyi icarə haqqı ilə bağlı onlara heç bir güzəşt etmir: “İcarənin vaxtlı-vaxtında ödənməsini tələb edir. Hazırda alver demək olar yoxdur. Gün ərzində bir alıcı ya olur, ya da olmur. İcarə haqqı 1500-2000 manat arasında dəyişir. Sahə böyük olarsa məbləğ daha da artır. Icarə haqqının 1000 manata salınmasını xahiş etsək də, bizə “yox” cavabı verilir. Deyirlər pulu ödəyə bilmirsənsə dükanı bağla çıx get. Vəziyyət o həddə çatıb ki, 86 dükan qapısını bağlayıb”.
“Obyektlərini iş adamlarına icarəyə verən sahibkarlar üçün də güzəştlər mövcüddur”
Məsələ ilə bağlı fikir bildirən iqtisadçı Kamran Məmmədli qeyd etdi ki, ticarət mərkəzlərinin əsas problemi icarə haqqının yüksək olmasıdır: “Dükan sahibləri icarə haqqı ilə yanaşı, kommunal xərcləri də ödəyirlər. Qeyd edim ki, pandemiya ilə əlaqədar olaraq dövlət tərəfindən sahibkarlara güzəşt edildi. Onlara maliyyə dəstəyi göstərildi. Ancaq nəzərə almaq lazımdır ki, obyektlərini iş adamlarına icarəyə verən sahibkarlar üçün də güzəştlər mövcüddur. Belə ki, icarəverənləri pandemiya dövründə güzəşt etməyə stimullaşdırmaq üçün vergi qanunvericiliyinə dəyişikliklər edilib. “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” qanuna əsasən, icarə haqqından tutulan vergilərə güzəşt verilib. Belə ki, pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyəti həyata keçirən şəxslər tərəfindən fiziki şəxslərdən icarəyə götürülən daşınmaz əmlaklar üzrə ödəmə mənbəyində tutulan verginin dərəcəsi 14 faizdən 7 faizə endirilib. Bu, icarəyəverənlərin vergi yükünün azaldılması üçün əlavə imkan yaradıb”.
Iqtisadçı onu da əlavə etdi ki, sahibkarlar məlum olayla bağlı aidiyyəti qurumlara müraciət edə bilər.
Günel CƏLİLOVA