Azərbaycan qanunveciliyinə görə, hər bir vətəndaşın keyfiyyətli və bərabərhüquqlu təhsil almaq hüqüqu var. Təbii ki, ölkədə keyfiyyətli və bərabərhüquqlu təhsil imkanının yaradılması üçün, peşəkar kadr potensialı ilə yanaşı, müasir standartlara cavab verən təhsil müəssisələrinin olması da əsas şərtdir.
Qeyd edək ki, son illər Azərbaycanda bu istiqamətdə həyata keçirilən tədbirlər yararsız məktəblərin sayını xeyli azaltsa da, yenə də təmirsiz, tədrisə yararsız məktəblər var. Belə təhsil müəssisələrindən biri də İmişli rayon Qaravəlli kənd tam orta məktəbidir. Bu məktəbin binası bir neçə illərdir ki, qəzalı vəziyyətdədir. Burada dərs zamanı hətta siçovullar sinif otağında gəzir.
Məlumat üçün qeyd edək ki, 1973-cü ildə inşa olunan məktəb binası 153 şagird yerlik nəzərdə tutulub. Tikildiyi ildən bəri fəaliyyət göstərən təhsil ocağının binası öz istismar müddətini çoxdan başa vurub.
Kənd sakinləri deyir ki, vaxtilə onların təhsil aldıqları məktəb elə həmin dövrdə də qəzalı vəziyyətdə olub. Lakin buna baxmayaraq, məktəb hər zaman yüksək nəticələr göstərib. Odur ki, yeni məktəb binasının tiklməsinə ehtiyac var.
İmişli Rayon Təhsil Şöbəsi: “Növbəti ildən yeni məktəb binasının tikintisi nəzərdə tutulur”
Məsələ ilə bağlı İmişli Rayon Təhsil Şöbəsindən bildirildi ki, Qaravəlli kənd tam orta məktəbi uyğunlaşdırılmış binada yerləşdirilib: “1973-cü ildə inşa olunan məktəbin vəziyyəti ilə bağlı Təhsil Nazirliyinə müraciət ünvanlanıb. Nazirlik tərəfindən yeni məktəbin tikintisi plana salınaraq təsdiq olunub. Növbəti ildən yeni məktəb binasının tikintisi nəzərdə tutulur”.
Xanım Qasımova: “Hazırda bölgələrdə qəzalı vəziyyətdə olan və hər an uçma təhlükəsi ilə üzləşən məktəblər var”
Təhsil eksperti Xanım Qasımova bildirdi ki, 900-ə yaxın məktəbin yenidən tikilməsinə və ya bərpasına ehtiyac var: “Təəssüflər olsun ki, bu sahədə iş müəyyən qədər zəif aparılır. Hazırda bölgələrdə qəzalı vəziyyətdə olan və hər an uçma təhlükəsi ilə üzləşən məktəblər var. Bu isə insanların həyatı üçün olduqca təhlükəlidir. Danılmaz faktdır ki, ölkə rəhbərliyi təhsilə çox ciddi qayğı və diqqət göstərsə də, müəyyən qədər aidiyyəti dövlət qurumları bu sahəyə səhlənkar yanaşır. Ölkəmizdə modul tipli məktəblərin sürətlə inşası həyata keçirilərsə, uşaqlar yaxşı şəraiti olan təhsil müəssisələrində təhsilini davam etdirər”.
Günel CƏLİLOVA