Sevgi, qayğı, mərhəmət kimi hisslər, keyfiyyətlər insanlar arasındakı münasibətlərin özəyi, leytmotividir, insana hava-su kimi lazımdır. Bəzən xırdaca bir çay daşının da, küləyin uçurduğu bir yarpağın da ehtiyacı olur diqqətə, sığala.
Bədəni adi parçadan, saçları çəhrayı xalça iplərindən hazırlanan gəlinciyə də sevgi ilə yanaşanda onun da qəlbindəki döyüntüləri eşitmək, gözlərindəki yaşı, simasındakı təbəssümü görmək olur. Yazıçı-publisist Sevinc Nuruqızının qələmə aldığı “Melisa” nağıl-povestin qəhrəmanı çəhrayısaçlı Melisa da uzaq ellərdən gəlincik kimi gələrək balaca qızcığazın doğmasına çevrilir. Daşı belə canlandıra biləcək bir qayğı ilə əhatə olunan Melisa günlərin bir günü həyatın acı həqiqətlərinin, amansızlıqlarının axarına düşür...
Qələmə aldığı bir-birindən maraqlı əsərlərində həyat verdiyi balaca qəhrəmanları ilə balaca oxucularının zövqünü oxşayan S.Nuruqızı Melisa adlı bu gəlincik qəhrəmanını da böyük məhəbbətlə, özünəməxsus tərzdə yaradıb. Bir müddət çəhrayı dünyasından uzaq düşərək müxtəlif, qarışıqrəngli reallıqların içindən keçən Melisa balaca dostları ilə birgə böyüklərin haqsızlıqlarından əzilir, kədərlənir, inciyir. Onların nəvazişlərindən canlanır, sevinir, ruhlanır. Yazıçı əsərin süjet xətti boyu balaca oxucusunu Melisanın “taleyinin” izləyicisinə çevirir. Maraqlı, bədii təsvirlərlə onu bu çəhrayısaçlı gəlinciyin təsir dairəsində saxlayır.
Nəinki uşaqların, yeniyetmələrin, hətta böyüklərin belə maraqla oxuya biləcəyi, naşir Tural Axundov, rəssam Tahirə, dizayner Firuzə İbrahimovanın yüksək zövqlə, fərqli poliqrafik görünüşlə ərsəyə gətirdikləri “Melisa” kitabı “Təhsil Nəşriyyat-Poliqrafiya” MMC-də çap edilmişdir. Tərtibat baxımından respublikamızda ilk nəşr nümunəsi olan bu kitabın balaca oxucuların zövqünün formalaşmasına da yardımçı ola biləcəyi şübhəsizdir. Qeyd edək ki, bu əsər Türkiyə İLESAM-Akçağ uşaq ədəbiyyatı roman, hekayə və nağıl – 2018 (kitab dosyası) müsabiqəsində birinci yerə layiq görülmüş və Ankarada "Akçağ" Yayınevində türk dilində nəşr olunmuşdur. “Melisa” həm də rus və ingilis dillərinə tərcümə edilmişdir. Bu yaxınlarda rus və ingilis dillərində də oxucuların görüşünə gələcək.
Mətanət KƏRİMLİ