Sərnişindaşımada kart sistemi Sumqayıtda niyə özünü doğrultmadı?..

Məlum olduğu kimi, Sumqayıtda sənişindaşımada kart sistemindən istifadə dayandırılıb. Bu barədə Sumqayıt Avtomobil Nəqliyyatı ilə Sərnişindaşıma İdarəsinin rəis müavini Tofiq Saydumov media nümayəndələrinə açıqlamasında deyib.
Rəis müavini bildirib ki, hazırda Sumqayıt şəhərində bütün marşrut avtobusları nağd ödənişə qaytarılıb: “Artıq Türkiyədən yeni validator aparatları sifariş vermişik. Sumqayıtda ictimai nəqliyyatda kart vasitəsilə ödəniş dayandırılıb. Avtobuslarda quraşdırılmış validator aparatları və istifadə edilən ödəniş kartları insanlara problem yaşadırdı, vətəndaşlardan şikayətlər daxil olurdu. Bu problemin aradan qaldırılması üçün yeni validator aparatları sifariş verilib”.
Qeyd edək ki, Sumqayıt şəhərinin ictimai nəqliyyatında bu il sentyabrın 28-dən kart vasitəsilə ödəniş tətbiq edilsə də, bu sistem özünü doğrultmayıb.
- “Sumqayıtda fəaliyyət göstərən avtobuslarda kart sisteminin nağd şəklə keçməsi müvəqqətidir”
Məsələ ilə bağlı fikirlərini öyrəndiyimiz sosial sahə üzrə ekspert Mayis Əliyev bildirdi ki, kart vasitəsilə ödənişlərin həyata keçirilməsi ictimai nəqliyyatda olduqca vacib komponentdir: “Kart vasitəsilə ödənişlər həyata keçirilən zaman sərnişinlər nağd pulu gəzdirmək öhdəliyindən azad olur. Kartla ödəmə sisteminin tətbiq olunması həm sürücülərin, həm də sərnişinlərin maraqlarına uyğundur. Dövlət üçün də önəmli olan məqam ondan ibarətdir ki, kart sisteminin tətbiqi nəticəsində maliyyə ilə bağlı çox ciddi nəzarət tətbiq olunur. Bu da hər hansı vergidən yayınma və digər məsələlərin qarşısını alır”.
Həmsöhbətimiz hesab edir ki, Sumqayıtda fəaliyyət göstərən avtobuslarda kart sisteminin nağd şəklə keçməsi müvəqqətidir: “Sumqayıtda avtobuslarda quraşdırılmış validator aparatlar artıq istifadəyə yararsız idi. Həmin aparatlar insanlara problem yaşadırdı. Çox güman ki, yeniləri alınacaq. Yeni aparatlar quraşdırılana qədər sərnişinlər nağd şəkildə gediş haqqı ödəyəcək”.
Günel CƏLİLOVA