Bakıda və bölgələrdə ölümlə hər gün üz-üzə, iç-içə olan yaşayış massivləri var. Bu yerlərdə yüzlərlə ailə, sanki “kamikadze” kimi həyat sürür. Onlar göz görə-görə özlərini təhlükəyə, uşaqlarını risqə ataraq yaşamağa davam etməyə məcburdurlar. Yüksək gərginikli elektik dirəklərinin altında olan evlər əsl təhlükə mənbəyidir. Həmin elektrik dirəkləri təmirsizdirsə və istifadə müddəti bitibsə, həmin ərazidə yaşayan sakinlər üçün vəziyyət lap çətin olur.
Belə bir xoşagəlməz mənzərə Sabirabadın Güdəcühür kəndində yaşanır. Kənd sakinlərinin bildirdiyinə görə, elektrik dirəkləri bir neçə ildir ki, qəzalı vəziyyətə düşüb: “Kənddə evlər tikilən zaman elektrik xətləri yox idi, sonradan Kür çayında quraşdırılan su nasoslarını enerji ilə təmin etmək üçün yüksək gərginlikli xətlər çəkilərək istifadəyə verilib. Artıq illərdir basdırılan dirəklər istismar müddətini başa vurduğundan, vəziyyət təhlükəli həddə çatıb. İşıq dirəklərinin daşıyıcı qolları çürüyüb. Yağış və küləkli havada vəziyyət olduqca acınacaqlı olur. Həyətyani sahədən keçən naqillər yüksək gərginliyə malikdir. Vəziyyətlə bağlı aidiyyəti qurumlara müraciət etsək də, hər hansı bir cavab verilmir”.
“Vətəndaşların şikayəti əsasında dəfələrlə qurumun regional idarəsinin əməkdaşları həmin əraziyə baxış keçirib və zəruri təmir işləri aparıblar”
Məsələ ilə bağlı “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin ictimaiyyətlə əlaqələr şöbəsindən bildirildi ki, vətəndaşların şikayəti əsasında dəfələrlə qurumun regional idarəsinin əməkdaşları həmin əraziyə baxış keçirib və zəruri təmir işləri aparıblar: “Qəzalı dirəklərin yerinin dəyişdirilməsi isə xəritə ilə həyata keçirilir. Bu səbəbdən də həmin dirəklərin yerinin dəyişdirilməsi üçün Nazirlər Kabinetinin qərarı olmalıdır”.
Günel CƏLİLOVA