Məlum olduğu kimi, paytaxtın Binəqədi rayonu, Səttar Bəhlulzadə küçəsində yerləşən, qəzalı vəziyyətdə olan yataqxana sökülür. Binanın sökülməsi sakinlərin narazılığına səbəb olub. Narazılığa səbəb isə onlara kompensasiyanın verilməməsidir.
Qeyd edək ki, sakinlərin qeydiyyatda olduqları mənzillərdə vaxtilə məcburi köçkünlər məskunlaşdığından onlar digər ərazilərdə yaşamaq məcburiyyətində qalıblar. Məcburi köçkünlər həmin binadan köçürüldükdən sonra isə 5 mərtəbəli bina sökülüb. Mənzillərin həqiqi sahibləri bununla bağlı kompensasiya tələb etsələr də, onların bu istəkləri hələ ki, nəticəsiz qalıb.
Məlumatlara görə, keçmiş Sənaye Tikinti Nazirliyinin 4 nömrəli tresti işçilərini mənzillə təmin etmək üçün sözügedən ünvandakı binanı öz vəsaiti hesabına satın alıb. Lakin 1993-cu ildə binada məcburi köçkün ailələri məskunlaşdığından, bu şəxslər öz evlərinə köçə bilməyiblər. 3 il əvvəl buradakı məcburi köçkünlər yeni mənzillərlə təmin edilib. Qəzalı vəziyyətə düşən bina isə bu il sökülüb. Şikayətçilər bildirir ki, illərdir yataqxanada qeydiyyatda olduqları halda onlara kompensasiya verilmir.
“Vətəndaşın mülkiyyəti təsdiq edən sənədi varsa və həmin mənzil vətəndaşın mülkiyyətindədirsə, ona bazar qiymətinə uyğun kompensasiya verilməlidir”
Məsələ ilə bağlı daşınmaz əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı bildirdi ki, sakinlər üzləşdikləri problemi məhkəmə yolu ilə də həll edə bilərlər: “Vətəndaşın mülkiyyəti təsdiq edən sənədi varsa və həmin mənzil həmin vətəndaşın mülkiyyətindədirsə, ona bazar qiymətinə uyğun kompensasiya verilməlidir. Bina qəzalı vəziyyətdədir, dövlət ehtiyacları üçün alınıb və ya başqa məqsədlər üçün sökülsə belə, vətəndaşın hüquqların qorunmalıdır”.
Günel CƏLİLOVA