Son zamanlar “Ştutqart” Mağazalar Şəbəkəsində keyfiyyətsiz avtomobil ehtiyat hissələrinin orijinal adı ilə satılması ilə bağlı məlumatlar yayılır. Qeyd edilir ki, mağaza saxta məhsulları “brend” adı ilə baha qiymətə satır. Sosial şəbəkədə qeyd edilir ki, “Ştutqart”ın Binəqədi rayonu, 8-ci mikrorayon, Cəfər Xəndan küçəsi 19A ünvanında yerləşən "Mikrorayon” filialının mağazası müştəriyə keyfiyyətsiz məhsul satıb. Vətəndaş mağazadan termostat (mühərrikin soyutma sisteminə aid ehtiyat hissəsi) alıb avtoservisə yaxınlaşıb. Usta avtomobilə lazımi təmir və texniki xidmətləri göstərib. Müştərilərini aldadan "Ştutqart”ın mağazası orijinal olmayan məhsulu “brend” adı ilə 110 manata satıb.
Qeyd edək ki, adıçəkilən mağaza ilə bağlı səslənən bu tip şikayətlərin sayı artıb.
Məlumat üçün bildirək ki, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” AR Qanununun 7-ci maddəsində qüsurlu mal satılarkən istehlakçının hüquqları təsbit edilib. Belə ki, zəmanət və yararlılıq müddətində malda müəyyən qüsur və ya saxtalaşdırma halları aşkarlanarsa, istehlakçı satıcıdan və ya istehsalçıdan müəyyən edilən hüquqlarını tələb edə bilər.
Məsələ ilə bağlı adıçəkilən mağazanın Binəqədi rayonu, 8-ci mikrorayon, Cəfər Xəndan küçəsi 19A ünvanında yerləşən "Mikrorayon” filialı ilə əlaqə saxladıq. Mağazadan bildirildi ki, dükanda Çin məhsulu ilə yanaşı, Avropa istehsalı olan ehtiyat hissələri də satılır: “Mağazada orijinal olmayan brend adı ilə satıla bilməz”.
“Hazırda bazarda saxta ehtiyat hissələri orijinal ehtiyat hissələrini üstələyir”
Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov bildirdi ki, bütün sahələrdə olduğu kimi, avtomobil ehtiyatları sahəsində də saxta məhsula rast gəlinir: “Hazırda bazarda saxta ehtiyat hissələri orijinal ehtiyat hissələrini üstələyir. Bu movzu ilə bağlı Birliyə çoxlu sayda şikayət daxil olur”.
E.Hüseynov bildirdi ki, saxta məhsulların bazarda yer alması istehlakçı hüquqlarının pozulmasına səbəb olur.
Günel CƏLİLOVA