Məlum olduğu kimi, 2018-ci ildən etibarən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən saxta əlillik müavinətləri və pensiyaların ləğv olunmasına start verilib.
Ancaq nazirliyin bu istiqamətdə apardığı işlər cəmiyyətdə ciddi narazılığa səbəb olub. Problem ondadır ki, 5 ildən bir yenilənən ödənişlər bu dəfə ənənəvi qaydada təsdiqlənməyib. Nazirlər Kabinetinin qəbul etdiyi yeni meyarlar əsasında xəstəlik və əlilliyə görə təyin olunmuş pensiya işlərinin bir hissəsi ləğv olunub.
Narazılıq doğuran əsas məqamlardan biri ondan ibarətdir ki, həqiqətən əmək qabiliyyətini itirmiş, anadəngəlmə əlilliyi olan vətəndaşlar da dövlət ödənişlərdindən məhrum edilib. Komissiya onların ötən 5 ildə xəstəxanalarda müalicə almadığını, xəstəlik tarixçəsində yer alan məlumatların pensiya, müavinət üçün yetərli olmadığını əsas gətirir. Baxanda, onların arasında elə şəxslər var ki, müalicə olunsalar belə, sağalmaları mümkün deyil. Bir sözlə, necə gəldi insanları pensiya və müvinətdən məhrum edirlər. 2018-ci ilin əvvəlindən 2021-ci ilin yeddinci ayının əvvəlinə qədər olan dövrdə 211 min 151 nəfərin pensiyası, müavinəti kəsilib. Belə ki, 2018-ci ildə 58019 min, 2019-cu ildə 54981, 2020-ci ildə 63369, 2021-ci ilin 7 ayı ərzində isə 40782 nəfərin pensiya və müavinəti dayandırılıb. Bu zaman çox vaxt “qurunun oduna yaş da yanır”.
Məsələn, 21.02.2005-ci il doğumlu Xudaşov Səmid Cəlal oğlu 1 yaşından ağır formada serebral iflic xəstəsidir. Bu ilin fevralında 16 yaşı tamam olandan sonra əlilliyə görə aldığı müavinəti kəsiblər. Atası Cəlal Xudaşov dəfələrlə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Lerik rayon şöbəsinə müracət edib. Hər dəfə də deyirlər ki, “bizlik deyil, müvafiq sənədlər nazirliyə göndərilib”. Onun kimi minlərlə belə şəxs var ki, əlilliyi ola-ola müavinətdən məhrum edilib. Saxta əlilliyi olanlar üzə çıxarılır deyə, həqiqi əlilliyi olanlar da müavinətsiz qalmalıdır?
“Aylarla əlilliyi olan şəxslər müavinətsiz qalır”
Sözügedən məsələ ilə bağlı fikirlərini “Bakı-Xəbər”lə bölüşən Əlil Təşkilatları İttifaqının sədri Davud Rəhimlinin sözlərinə görə, təəssüf ki, bir sıra hallarda əliliyi olan şəxslər də bütün bunlardan əziyyət çəkir: “Neçə vaxtdır bu problem mövcuddur və proses uzandıqca əlilliyi olan şəxslər bundan əziyyət çəkir. Ona görə də sözügedən problemi aradan qaldırmaq üçün həm ƏƏSMN, həm də Səhiyyə Nazirliyi sistemi təkmilləşdirməlidilər. Yaxud da başqa bir forma tapıb ortaya qoymalıdılar ki, bu cür problemlər yaşanmasın. Çünki təkrar yoxlamalar və proseslərin uzanması insanlar arasında narazılıqlara səbəb olur. Aylarla əlilliyi olan şəxslər müavinətsiz qalır. Yoxlamalar nəticəsində bəziləri birdəfəlik olaraq müavinət almaqdan məhrum edilir. Söhbət saxta əlillik dərəcəsi alanlardan yox, həqiqi əlilliyi olan şəxslərdən gedir. Ona görə də sözügedən məsələlərə son dərəcə həssaslıqla yanaşmaq lazımdır”.
ƏTİ sədri onu da qeyd etdi ki, müavinətlərin dayandırılması əlilliyi olan şəxslərin sosial durumuna mənfi təsir edir.
Vidadi ORDAHALLI