“Ölkədə koronavirus infeksiyası aşkar edilməyən rayonlar var”. Bunu Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinin (TƏBİB) sədri Ramin Bayramlı mayın 1-də keçirilən brifinqdə deyib. O qeyd edib ki, həmin ərazilərə qonşu olan rayonlarda yoluxma olduğundan, bu bölgələr hələ ki, risqli ərazi hesab edilir: “Əgər ətraf rayonlarda da risq aradan qalxarsa, o zaman biz həmin sahəni xəritədə yaşıl rəngləyə bilərik və prosesin sıfırlandığını açıqlaya bilərik”.
Koronavirusun bəzi rayonlarda aşkar olunmaması sevindirici xəbərdir. Maraqlıdır, virusa yoluxmanın qeydə alınmadığı rayonların digər ərazilərdən təcrid edilməsinə ehtiyac varmı?
“Bəzi rayonlarda koronavirus ocağının tamamilə ləğv olunması o demək deyil ki, virusun yox olduğu ərazilərdə sosial təcrid ləğv ediləcək”
Həkim-ekspert Rasif Bağırov qeyd etdi ki, koronavirus pandemiyası ilə bağlı Azərbaycanda sanitar-epidemioloji vəziyyət xüsusi nəzarətdədir: “Məlumdur ki, aidiyyəti qurumlara gücləndirilmiş rejimdə fəaliyyət göstərməyə dair tapşırıqlar verilib. Bu istiqamətdə görülən hər bir iş göz qabağındadır. Sevindiricidir ki, görülən işlər sayəsində bəzi rayonlarda koronavirus pandemiyası qeydə alınmır. Onu da qeyd edim ki, epidemiyadan qorunmaq üçün ölkəmizdə kifayət qədər tibbi ləvazimat var. Virusun təhlükəli miqyas almağa başladığı ilk gündən Azərbaycanın bütün sərhəd-keçid məntəqələrində, o cümlədən, hava limanlarında profilaktik tədbirlər görülür. Görülən işlər sayəsində koronavirusa yoluxma faktı günü-gündən azalır. Elə bu səbəbdən də karantin rejimi yumşaldılır”.
Həmsöhbətimiz onu da əlavə etdi ki, bəzi rayonlarda koronavirus ocağının tamamilə ləğv olunması o demək deyil ki, virusun yox olduğu ərazilərdə sosial təcrid ləğv ediləcək. Həmin regionlarda yeni yoluxmanın baş verməməsi üçün karantin qaydalarına riayət edilməlidir.
Günel CƏLİLOVA