Aprelin 27-dən xüsusi karantin rejiminin yumşaldılmasından sonra çölə çıxan insanların sayı çoxalıb. Paytaxtda insan çoxluğu müşahidə olunur. SMS icazə sistemindən sui-istifadə edən insanlar 3 saat küçədə zaman keçirirlər. Ən pis tərəfi isə budur ki, çölə çıxanların çoxu maska və əlcəkdən istifadə etməməklə yanaşı, sosial məsafəni də qorumur. İnsanların bu məsuliyyətsizliyi koronavirusun ikinci dalğasının gəlməsinə səbəb ola bilər.
Azərbaycan da karantin rejimini yumşaldan ölkələr arasındadır. Amma, nədənsə, azacıq sərbəstlik verilən insanlar küçələrə axışan zaman sosial məsafə saxlamır, qoruyucu maskalardan istifadə etmirlər. Bu səbəbdən də qoruyucu vasitə sayılan tibbi maskanın taxılması məcburi olacaq. Nazirlər Kabineti yanında Operativ Qərargahın mətbuat konfransında TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı media nümayəndələrinə bildirib ki, ictimai nəqliyyat və bəzi ictimai yerlərdə qoruyucu vasitələrdən istifadə məcburi olacaq.
“Maska nəm olubsa, həmin dəqiqə əvəzlənməlidir”
Ekspertlər də tibbi maskadan istifadənin məcburi olmasının tərəfdarıdır. Professor, tibbi ekspert Adil Qeybulla bildirdi ki, maska taxılması məcburi olmalıdır. Bu gün bir çox ölkə karantin rejimini yumşaldaraq bildirir ki, insanların maska taxması məcburidir. Məsələn, Almaniyada da bu təcrübəni görə bilərik. Azərbaycanda insanlar sosial məsafəni gözləmədikləri üçün maska taxmaq zəruri olmalıdır. Ünsiyyət zamanı hava vasitəsilə yoluxmanın qarşısının alınmasında maska önəmlidir: “Təbii ki, tibbi maskalar təhlükənin qarşısını alır. Tibbi maskalar insanı qarşısındakı birinin asqırmasından, öskürməsindən qoruyur. Əgər o maska tibbi göstərişlidirsə, mütləq şəkildə hava-damcıdan qoruyucu xüsusiyyətə malikdir. O maskalardan cərrahlar əməliyyat masasında da istifadə edirlər. Bəzi xəstələr var ki, yoluxucu xəstəlikləri olur. Onların əməliyyatında da cərrahlar həmin tibbi maskalardan istifadə edirlər.
Ancaq bu maskalar gün ərzində tez-tez yenilənməlidir. Tez-tez asqıran, öskürən insanlar yaxşı olar ki, hər yarım saatdan bir maskanı yeniləsinlər. Hansısa xəstəliyə, virusa yoluxmamaq üçün taxılan maska isə 1-2 saatdan bir dəyişdirilməlidir. Maska nəm olubsa, həmin dəqiqə əvəzlənməlidir”.
Günel CƏLİLOVA