Xəbər verildiyi kimi, koronavirusla bağlı 260 məhkum vaxtından əvvəl şərti azadlığa buraxılıb. Bu barədə Ədliyyə Nazirliyinin keçirdiyi videokonfransda nazirliyin İnsan hüquqları və ictimaiyyətlə əlaqələr idarəsinin rəisi Aynur Sabitova məlumat verib.
A.Sabitova bildirib ki, pandemiya dövründə vətəndaşlarla görüşlər dayandırılıb və məhkumlar tibbi avadanlıqlarla təmin olunublar: “Koronavirusla bağlı penitensiar müəssisələr gücləndirilmiş iş rejiminə keçib. Prezident İlham Əliyevin imzaladığı əfv sərəncamı ilə virusa yoluxma risqi olan 65 yaşdan yuxarı 176 məhkum azad olunub. Eyni zamanda, 260 məhkum da vaxtından əvvəl şərti azadlığa buraxılıb”.
“Bu, ölkə başçısının humanist addımının nəticəsidir ki, belə çətin vəziyyətdə bir çox məhkum ailələrinin yanında olsun”
“Konstitusiya” Araşdırmalar Mərkəzinin rəhbəri, hüquqşünas Əliməmməd Nuriyev “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, qanunvericiliyə əsasən, Ədliyyə Nazirliyinin müvafiq komissiyası bir qrup məhbusun şərti azadlığa buraxılması ilə bağlı aidiyyəti qurumlara müraciət edir: “Pandemiya ilə əlaqədar olaraq yaşı 65 yaşdan yuxarı olanlar və ya səhhətində problemi olanlarla bağlı qanunvericiliyə uyğun olaraq qərar qəbul edilir. Ümumdünya Səhiyyə Təşkilatının, səhiyyə qurumlarının, eyni zamanda, Nazirlər Kabineti yanında Operativ Qərargahın rəylərinə əsasən, risq qrupuna aid olanlar azadlığa buraxıldı. Azadlığa buraxılan şəxslərin xəstəliyi, yaşı, ailə vəziyyəti nəzərə alınır”.
Həmsöhbətimiz onu da əlavə etdi ki, məhbusların şərti azadlığa buraxılmasının tətbiqi daha da genişlənir.
Ə.Nuriyevin sözlərinə görə, qanunvericiliyə dəyişikliyin olunması Milli Məclisdə müzakirə olunur. Qanunvericiliyə dəyişiklik olunarsa, şərti azadlığa buraxılacaq məhbusların sayı daha da artacaq: “Bu, ölkə başçısının humanist addımının nəticəsidir ki, belə çətin vəziyyətdə bir çox məhkum ailələrinin yanında olsun”.
Günel CƏLİLOVA