Çinin Hubey əyalətinin Uhan şəhərində ortaya çıxan yeni tip koronavirus gündəmin əsas mövzusudur. Dünya ölkələri koronavirusdan qorunmaq üçün müxtəlif növ karantin həyata keçirirlər.
Məlumat üçün bildirək ki, martın 23-də Nazirlər Kabinetinin xüsusi toplantısından sonra “Sanitariya-epidemioloji salamatlıq haqqında” Qanunun 25-ci maddəsinə əsasən, Azərbaycanda martın 24-dən mayın 4-dək xüsusi karantin rejimi elan olunub. Eləcə də koronavirus pandemiyasının bir sıra ölkələrdə sürətlə yayılması karantin rejiminə keçidi daha da sürətləndirib. Bununla belə, əksər ölkədə, o cümlədən, pandemiyanın tüğyan etdiyi dövlətlərdə əhalinin karantin rejiminə etinasızlığı koronavirusa yoluxma və ölüm hallarının kəskin artmasına səbəb olub.
Qeyd edək ki, koronavirusdan ölənlərin sayına görə ön sırada olan əksər xarici ölkədə fövqəladə vəziyyət elan edilib. Xəstələri xəstəxanada yerləşdirə bilməyən İtaliyada virus daşıyıcıları küçələrdə qalıblar. Onu da qeyd edək ki, bir sıra ölkələrdə hökumət sağalması tez mümkün olan xəstələri xəstəxanaya yerləşdirir. Ağır vəziyyətdə olanların, həmçinin, 65 yaşdan yuxarı olan şəxslərin taleyi isə sual altında qalır. Bu kimi hallar bir neçə xarici ölkədə yaşanır. Ancaq Azərbaycanda isə adıçəkilən xəstəlikdən əziyyət çəkənlər müasir standartlara cavab verən xəstəxanalarda müalicə alırlar. Ölkəmizdə xəstəliyin dərəcəsinə, xəstənin yaşına baxmadan onun sağalması üçün hər bir iş görülür. Nümunə kimi 92 yaşlı xəstənin koronavirusa qalib gəlməsini deyə bilərik. Lənkəranda 90 yaşını keçmiş nənə koronavirusa qalib gəlib. Hazırda evinə buraxılan yaşlı qadın həkimlərin ona xidmət göstərməsindən xeyli razı qalıb. Aprel ayının ilk günlərində koronavirusa yoluxmuş Lənkəranın Boladı kəndində yaşayan 92 yaşlı Ağabəyim Axundovada ilk olaraq güclü öskürmələr başlayıb. Həkimə müraciət edəndə isə analizlərdən sonra koronavirusa yoluxduğu məlum olub. Həkimlərin ciddi qayğısı nəticəsində Ağabəyim nənə COVID-19-dan sağalaraq evə buraxılıb.
Beləliklə, Azərbaycan bir daha dünyaya göstərdi ki, yaşından asılı olmayaraq, bütün xəstələrə qayğı ilə yanaşılır. Onların qısa müddətdə sağalması üçün hər bir iş görülür.
“Azərbaycanda xəstəlik daşıyıcılarına xüsusi diqqət və qayğı göstərilir”
Sosioloq Aytəkin Kamranqızı bildirdi ki, koronavirusla bağlı dövlət tərəfindən məhdudiyyətlərin qoyulması xüsusi əhəmiyyət daşıyır: “Azərbaycanda xəstəlik daşıyıcılarına xüsusi diqqət və qayğı göstərilir. Onların qısa müddətdə sağalması üçün hökumət lazımi işlər görür. Ancaq bir sıra xarici ölkələr nəinki xəstələri müalicə etmir, onların xəstəxanada yerləşdirilməsinə önəm vermirlər”.
Həmsöhbətimiz onu da əlavə etdi ki, 92 yaşlı qadının koronavirusa qalib gəlməsi ölkəmizin uğurudur. Bir sıra xarici ölkələrdə ağır dərəcəli xəstələr xəstəxanaya yerləşdirilmir, yaşlı xəstələr risq qrupuna aid olunduğu üçün, onlara diqqət edilmir. Ancaq ölkəmizdə yaşından və xəstəliyin dərəcəsindən asılı olmayaraq, xəstələrə xüsusi münasibət bəslənir.
Günel CƏLİLOVA