Yeni növ koronavirus (COVID-19) infeksiyası ilə bağlı Azərbaycandakı mövcud sanitar-epidemioloji vəziyyət, digər dövlətlərdə tətbiq olunan preventiv tədbirlər, eləcə də Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələri təhlil edilərək xüsusi karantin rejiminin müddəti 31 may 2020-ci il saat 00:00-dək uzadılıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan baki-xeber.com-a verilən xəbərə görə, bununla əlaqədar Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonu üzrə 4 may 2020-ci il saat 00:00-dan etibarən:
• dövlət qurumlarının işçilərinin fəaliyyəti müəyyən olunmuş sayda bərpa olunur (fəaliyyəti bərpa olunan dövlət qurumlarının işçilərinin say həddi Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarı ilə müəyyən ediləcəkdır);
• xüsusi karantin rejimi dövründə fəaliyyətinə məhdudiyyət tətbiq olunan müxtəlif sahələrdə digər sahibkarlıq subyektlərinə iş və xidmətlər təqdim edən hüquqi və fiziki şəxslərin fəaliyyəti bərpa edilir.
Azərbaycanda əksər şəhər və rayonlardarestoran, kafe və çay evlərində müştərilərə yerində xidmətlər də bərpa olunur. Belə ki, Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonu istisna olmaqla respublikanın digər rayon və şəhərlərində və Naxçıvan Muxtar Respublikasında 4 may 2020-ci il saat 00:00-dan etibarən restoran, kafe və çay evlərində müştərilərə yerində xidmətlər bərpa olunur (ictimai iaşə obyektlərində qəlyan avadanlıqlarından istifadə istisna olmaqla).