Məlum olduğu kimi, Azərbaycanda koronavirusa yoluxanların sayı azalma dinamikası ilə davam edir. Gün ərzində sağalanların sayı yoluxanlardan çox olur. Əlbəttə, bütün bu müsbət nəticə cənab Prezidentin zamanında verdiyi tapşırıqların və göstərişlərin sayəsindədir. Məhz əldə edilən müsbət nəticəyə görə Operativ Qərargah karantin rejimini yumşaldaraq bəzi iş yerlərinin açılmasına icazə verdi.
Ancaq bu o demək deyil ki, insanlar bundan sevincək olaraq qoyulan qayda və tələbləri pozsunlar. İkinci dalğa gələrək, koronavirusa yoluxanların sayını artıra bilər. Ona görə də Operativ Qərargahın qərar və tapşırıqlarını yerinə yetirməliyik ki, yoluxanların sayı yenidən yüksəlməsin.
Bu səbəbdən də ekspertlər toy və yas mərasimlərinin keçirilməsinə icazə verilməsini hələ tez sayırlar. Nəzərə almaq lazımdır ki, toy və yas mərasimlərində insanlar kütləvi olaraq bir yerə yığışırlar.
“Yas mərasimlərinin keçirilməsinə icazə verilməsi virusun ikinci yoluxma dalğasına rəvac verəcək, ikinci yoluxma dalğası isə...”
Professor, tibbi ekspert Adil Qeybulla qeyd etdi ki, strukturunda heç bir dəyişiklik edilməyəcəksə, yas mərasimlərinin keçirilməsinə icazə verilməsi virusun ikinci yoluxma dalğasına səbəb olacaq: “Öncə yas mərasimlərində hökm sürən dəbdəbə, bayağılıq kimi mənfi hallar aradan qaldırılmalıdır. Yalnız bundan sonra onun fəaliyyətinə icazə verilməsi məsələsini gündəmə gətirmək olar. Hazırda yas məclislərimiz anormal vəziyyətdədir. Burada həddən artıq dəbdəbə, bayağılıq hökm sürür. Bir-birilə bəhsə gedirlər, onu biznesə çeviriblər. Ona görə də, ilk növbədə, yas məclislərini abıra salmaq lazımdır. Nəzərə alaq ki, postpandemiya dövründə maddi durumumuz elə də ürəkaçan olmayacaq”
Həmsöhbətimiz hesab edir ki, Qafqaz Müsəlmanları İdarəsini bu yöndə tədbirlər görməlidir: “Qurum bu işə əncam çəkməli, yas məclislərinin strukturunu qurmalıdır. Yəni yaranmış fürsətdən istifadə edərək yas məclislərində yaşanan pis ənənələrə son qoymalıyıq. Bu, insanların ürəyincə olar. Yas məclislərini yeyib-içmək məclisinə deyil, hansısa bir rituala çevirmək vaxtı çatıb. Mayın 4-dən sonra da yas və toy məclislərinin bərpasına icazə verilməməlidir, əvvəlki şəkildə davam edəcəksə, hələ tezdir. Strukturunda heç bir dəyişiklik olmayacaqsa, yas mərasimlərinin keçirilməsinə icazə verilməsi virusun ikinci yoluxma dalğasına rəvac verəcək. İkinci yoluxma dalğası isə iqtisadiyyat və sosial həyatımıza ciddi zərbə vuracaq”.
Günel CƏLİLOVA