Xüsusi karantin rejimi dövründə fəaliyyəti bərpa olunan sahələrdən biri də geyim mağazaları, ayaqqabı, dəri məmulatlarının satıldığı dükanlardır. Dükanların açılması xəbərini eşidən əksər insan geyim mağazalarına üz tutdu.
Ancaq həmin insanlar koronavirus pandemiyasının tam sovuşmadığının fərqində deyillər. Çünki geyim dükanlarında satılan par-paltarla insanlar əl ilə təmas edir. Beləliklə, virusun yoluxma ehtimalı daha da artır. Nəzərə almaq lazımdır ki, geyim mağazalarında satılan paltarların mütəmadi olaraq müxtəlif insanlar tərəfindən uyğunluğunu yoxlamaq məqsədilə geyinilməsi adi haldır.
Satıcılar deyirlər ki, müştəriyə paltarı geyinib uyğunluğunu yoxlamaq qadağası qoymaq mümkünsüzdür.
Nabil Seyidov: “Geyim mağazalarında paltarların mütəmadi olaraq müxtəlif insanlar tərəfindən geyinilməsi koronavirusa yoluxma risqi yarada bilər”
Səhiyyə Nazirliyinin ictimai səhiyyə və islahatlar mərkəzinin şöbə müdiri Nabil Seyidov bildirdi ki, koronavirus ən çox yaxın təmas zamanı bir insandan digərinə keçir. Amma geyim mağazalarında paltarların mütəmadi olaraq müxtəlif insanlar tərəfindən geyinilməsi koronavirusa yoluxma risqi yarada bilər: “Ona görə də mağazalarda qabaqlayıcı tədbirlərin görülməsi vacibdir”.
Həmsöhbətimiz onu da əlavə etdi ki, hər kəsin gigiyenik qaydalara mütləq qaydada əməl etməsi şübhəli olduğu üçün, bu məsələdə mağaza sahibləri diqqətli olmalıdırlar: “Yəni mağazanın girişində dezinfeksiyaedici məhlullar qoyulmalı, personalın tibbi maska, əlcəkdən istifadə etməsi təmin edilməlidir. Bundan başqa, geyim dükanlarında hər ölçüyə uyğun konkret paltar nümunələrindən istifadə olunsa daha yaxşı olar”.
Aygün Əliyeva: “...gün ərzində bir neçə dəfə dezinfeksiya işləri aparılmalıdır”
Həkim Aygün Əliyeva bildirdi ki, geyim və digər dükanlarda gün ərzində bir neçə dəfə dezinfeksiya işləri aparılmalıdır. Bu işlə aidiyyəti qurumlar məşğul olmalıdırlar: “Nəzərə almaq lazımdır ki, geyim və digər satılan vasitələrlə insanlar əl ilə təmas edirlər. Bu zaman istənilən virus, o cümlədən, koronavirus da əl ilə toxunuş vasitəsilə başqa insanlara keçə bilər. Bu səbəbdən dükanlar qabaqlayıcı tədbirlər görməlidirlər”.
Günel CƏLİLOVA