Məlum olduğu kimi, koronavirus xəstəliyinə yoluxma hallarının artması və virusun çoğrafiyasının genişlənməsi səbəbindən mart ayında bir sıra ölkələrdə, o cümlədən, Azərbaycanda kütləvi tədbirlərin keçirilməsinə məhdudiyyət qoyuldu.
Virusun dünya üzrə əhatə dairəsi genişləndiyindən, ölkəmizdə də müvafiq profilaktik tədbirlər gücləndirildi. Bununla əlaqədar Bakı şəhərində və respublikanın müxtəlif regionlarında kütləvi tədbirlərin keçirilməsi qadağan edildi. Həmçinin, adamların sıx toplaşdığı məkanlarda virusa yoluxma risqi yüksək olduğundan, toy və bu cür məclislərin keçirilməsi təxirə salındı. Yas mərasimlərinin kütləvi keçirilməməsi tövsiyə edildi.
Müşahidələr göstərdi ki, sözügedən kütləvi tədbirlərin məhdudlaşdırılması öz müsbət effektini verdi. Bütün bunların sayəsində virusun ölkədə geniş yayılmasının qarşısı alındı. Qeyd olunan addımlar atılmasaydı, o zaman pandemiyanın ölkədə yayılması daha geniş səviyyədə olacaqdı. Virusa yoluxanların sayı indiki rəqəmlərlə müqayisədə dəfələrlə çox olacaqdı. Son vaxtlar hökumət bəzi yumşalmalara gedir. Bəzi xidmət sahələrində işlərin yenidən başlanmasına icazə verilib. Ancaq hazırkı dövrdə kütləvi tədbirlərin keçirilməsinə qoyulan məhdudiyyətin götürülməsi məqsədəuyğun deyil. Çünki kütləvi toplantıların bərpası ölkədə pandemiyanın yenidən tüğyan etməsinə səbəb ola bilər. Ona görə də sözügedən toplantıların bərpa olunması o qədər də məqsədəuyğun deyil. İstənilən halda, pandemiya dövründə kütləvi tədbirlərin bərpası ciddi risqlərə səbəb ola bilər. O üzdən, məhdudiyyətlərin hələ bir müddət qalması daha məsləhətdir.
Maraqlıdır, bəs ekspertlər buna necə yanaşırlar?
“...yaxın perspektivdə buna gedilməsi məsləhət deyil”
Məsələyə münasibət bildirən İctimai Problemlərin Tədqiqi Assosiasiyasının rəhbəri Məhərrəm Zülfüqarlının fikrincə, kütləvi tədbirlərin keçirilməsinə icazə verilsə, o zaman virusa yoluxanların sayı kəskin arta bilər: “Ona görə də yaxın perspektivdə buna gedilməsi məsləhət deyil. Bu, müəyyən təhlükələrə səbəb ola bilər. Təsadüfi deyil ki, neçə vaxtdır ölkədə böyük kütləvi tədbirlər təxirə salınıb. Çünki bunu zəruri edən səbəblər var. Hesab edirəm ki, şərait yaranarsa, bununla bağlı yumşalmaya getmək olar. Bu da tədricən olmalıdır. Yəni insanlar bir sıra qaydalara tam əməl etdikdən və virusa yoluxanların sayı kəskin azaldıqdan sonra buna getmək olar. Mayın 4-dən sonra yumşalmalar başlasa, mərhələ-mərhələ, zamanı gəldikcə bəzi addımları atmaq olar. Digər tərəfdən, hər bir vətəndaş fərdi şəkildə özünü gözləməlidir. Sonra qohum-əqrəbasını, ətrafda olan insanları gözləməlidir. Tutaq ki, ali məktəblərdə dərslər bərpa olunur, o zaman kafedraya gedən müəllimlər özünü gözləməlidir. Tələbələr bir-birindən məsafə gözləməlidir ki, xəstələnənlərin sayı artmasın. Pandemiya ilə bağlı əsas məsələ odur ki, virus geniş yayılmasın. Ancaq kütləvi tədbirlərin bərpası yolverilməzdir. Düzdür, hələlik bu məsələ gündəmdə deyil. Ancaq, buna baxmayaraq, bəzi yumşalmalar fonunda buna getmək olmaz. Sözügedən məsələyə son dərəcə diqqətlə yanaşmaq lazımdır”.
Vidadi ORDAHALLI