“Bizim üçün bu dövr xərclərimizi artırmalı və yoxsul vətəndaşlarımıza və sahibkarlara yardım etməli olduğumuz dövrdür”. Bu fikirləri Prezident İlham Əliyev koronavirusun iqtisadiyyata mənfi təsirləri barədə Avropa Yenidənqurma və İnkişaf Bankının prezidenti Suma Çakrabarti ilə keçirilmiş videokonfrans zamanı səsləndirib.
Dövlət başçısı bildirib ki, koronavirus nəticəsində mənfi təsirə məruz qalmış özəl sektorun müvafiq sahələrinə ciddi dəstək paketi təqdim edilib. Xidmət və digər sahələrdə çalışan 600 min vətəndaşın və mikrosahibkarlıq subyektlərinin əməkhaqlarının böyük hissəsi dövlət tərəfindən ödənilib. Bununla yanaşı, 600 min aztəminatlı, işsiz və qeyri-rəsmi çalışan vətəndaşa minimal meyara uyğun olaraq ödənişlər edilib: “Təbii ki, bu bizim üçün böyük xərcdir. Vergi güzəştləri də nəzərə alınsa, bu gün bu rəqəm 3,5 milyard manat və ya 2 milyard dollardan çoxdur. Bu bizim büdcəmiz üçün böyük yükdür, çünki neftin qiymətinin kəskin azalması bizim valyuta ehtiyatlarımıza mənfi təsir göstərəcəkdir. Ancaq bizim üçün bu dövr xərclərimizi artırmalı və yoxsul vətəndaşlarımıza və sahibkarlara yardım etməli olduğumuz dövrdür. Eyni zamanda, bu il biz ödənişli ictimai iş yerlərinin sayını da 2 dəfə artırmışıq. Burada minimal əməkhaqqı verilir və adətən, bu, dövlət sektoruna aid olan iş yerləridir. Bu il belə iş yerlərinin sayı 90 min olacaqdır. Biz sosial yardım alan vətəndaşların da sayını artırmışıq. Hər bir belə ailəyə ayda 222 manat ödənilir və onların sayı 80 minə çatmışdır. Bununla yanaşı, 12 min insan üçün, - burada da 70 faiz artım var, - özünüməşğulluq imkanları yaradılıb”.
Göründüyü kimi, Azərbaycan dövləti üçün indiki dövrdə vətəndaşların qayğısına qalmaq hər şeydən önəmlidir. Xüsusən də aztəminatlı insanlara və sahibkarlara yardım etmək prioritetdir. O baxımdan, sözügedən sosial siyasəti ekspertlər necə dəyərləndirirlər?
“Məqsəd həm də ölkə iqtisadiyyatının dayanıqlığını və sistemliliyini saxlamaqdır”
Məsələyə münasibət bildirən millət vəkili Aydın Hüseynovun sözlərinə görə, bütün bunlar Prezident İlham Əliyevin ölkə vətəndaşlarının sosial müdafiəsinə necə böyük önəm verməsinin göstəricisidir: “Məlum proseslər başlanandan bəri cənab Prezident İlham Əliyev ölkə vətəndaşlarının sağlamlığını ön plana çəkdi. Bu bir daha onu göstərir ki, ölkə başçısının siyasətinin əsasında Azərbaycan vətəndaşı dayanır. Onun sağlamlığı, sosial rifahının yüksəldilməsi dayanır. Bununla belə, biz son vaxtlar görürük ki, Prezident ölkə iqtisadiyyatının bütün potensialından istifadə edərək xüsusən həssas təbəqənin problemlərinin həlli istiqamətində çalışır. Onların sosial qayğı ilə əhatə olunmasına yardım göstərir. Bütün bunlarla yanaşı, sahibkarlığa diqqət və qayğı, onların öz fəaliyyətlərini davam etdirməsi istiqamətində işlər görülür. Məqsəd həm də ölkə iqtisadiyyatının dayanıqlığını və sistemliliyini saxlamaqdır. Ümumilikdə, ölkə başçısı məlum problemlərin həlli ilə bağlı bütün vasitələrdən istifadə edir. Bütün bunlarla bağlı atılan addımlar mühüm əhəmiyyət kəsb edir”.
Vidadi ORDAHALLI