Azərbaycanda koronavirusla mübarizə üçün istifadə olunan tibbi maskaların ilk günlərdə çatışmazlığı, daha sonra zəruri olub-olmaması və nəhayət, onlardan necə istifadə edilməsi uzun müddət müzakirə predmeti olub.
Koronavirusdan qorunmaq üçün insanlar mütləq tibbi maska taxmalıdırlar. Adıçəkilən xəstəlikdən qorunmaq üçün insanlar gigiyenik qaydalara riayət etməklə yanaşı, tibbi maska və əlcəkdən istifadə etməlidirlər. Artıq iki aya yaxındır müxtəlif məqsədlə evdən çölə çıxan insanlar tibbi maskadan istifadə edirlər.
Təəssüf ki, bəzi şəxslər istifadə etdikləri maskanı zibil qutusuna deyil, hara gəldi atırlar. Təbii ki, bu halda virus yayılır.
İddialara görə, istifadə olunduqdan sonra küçələrə, parklara və yaxud da zibil qutularına atılan tibbi maskalar sonradan bəzi işbazlar tərəfindən yığılaraq, müəyyən prosedur həyata keçirildikdən sonra yenidən satışa çıxarılır.
Mütəxəssislər vətəndaşlara tibbi maskaları istifadə etdikdən sonra əzərək, ya da cıraraq yararsız vəziyyətə salmağı tövsiyə edirlər. Belə olan halda, maskanın təkrar istifadəyə çıxarılmasının qarşısını almaq olar.
“10 dənə maska toplayır, 5 dənəsi təzə, 2-sini də onun arasına qoyaraq...”
Məsələ ilə bağlı Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynovla əlaqə saxladıq. O bizimlə söhbətində bildirdi ki, bəzi işbazlar tullanmış maskaları yuyurlar və yaxud yumayaraq təzədən satışa çıxarırlar: “İstehlakçılar zəng vurub deyirlər ki, biz səhər zibil yeşiyinin yanından maskaları yığıb üst-üstə qoyan adam görmüşük. Zibil yeşiyinin yanından maska yığanların məqsədi istifadə olunmuş maskaları toplayıb yenidən hazırlayaraq satışa çıxarmaqdır”.
Ekspertlərin sözlərinə görə, bu, koronavirusdan da ağır xəstəliklərin yayılmasına səbəb ola bilər.
Həmsöhbətimiz qeyd etdi ki, tullanmış maskaları yığan şəxslər hiyləgərliyə əl atırlar: “Belə ki, 10 dənə maska toplayır, 5 dənəsi təzə, 2-sini də onun arasına qoyaraq satırlar. Kəndlərdə, rayon yerlərində hər yerdə aptek yoxdur. Həmin yerlərdə yaya bilirlər. Bəli, yəni bunlar yığılır, yenidən çıxarılır bazara. Necə ki, vaxtı keçmiş malların vaxtını dəyişərək təzədən çıxarırlar bazara. Yəni maska da alınan bir şeydir, ona da tələbat var”.
Günel CƏLİLOVA