Məlum olduğu kimi, aprelin 28-də Avropa Yenidənqurma və İnkişaf Bankının prezidentinin təşəbbüsü ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə bankın prezidenti Suma Çakrabarti arasında videokonfrans keçirilib. Görüş zamanı bir sıra məsələlərə toxunulub.
Prezident İlham Əliyev S.Çakrabarti ilə videogörüşdə bildirib ki, məhdudlaşdırıcı tədbirlərin tətbiqi qərarı asan olmayıb: “Biz anlayırdıq ki, insanlar üçün narahatlıq yaranacaq, iqtisadi inkişafımıza böyük zərbə dəyəcək, halbuki, bu ilin göstəriciləri olduqca ümidverici idi. Lakin bizim iki variantımız var idi. Birinci variant insanların həyatını və sağlamlığını qorumaq, ikinci variant isə iqtisadiyyatın xilas edilməsi prioriteti idi. Bu səbəbdən ilk gündən bizim seçimimiz insanların həyatının qorunması oldu. Gördüyümüz bütün işlərin məqsədi budur və bu istiqamətdə səylərimizi tam səfərbər etmişik. Biz 120 mindən artıq test həyata keçirmişik və aparılan testlərin adambaşına düşən sayına görə aparıcı yerlərdəyik”.
Qeyd olunduğu kimi, bizim iki vəzifəmiz var. Onlardan biri insanları qorumaq, digəri isə iqtisadiyyatı qorumaqdır. Maraqlıdır, Azərbaycan bu vəzifələri necə icra edir?
“…karantin rejimində tətbiq edilən innovativ metodlara qonşu ölkələr də maraq göstərir”
Siyasi ekspert Elçin Mirzəbəyli “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, dövlətin başlıca vəzifələrindən biri ölkə əhalisinin rifahını, eyni zamanda, iqtisadiyyatı qorumaqdır: “Azərbaycanda koronavirus pandemiyasının yayılmasının qarşısını almaq məqsədilə görülən tədbirlər, bununla yanaş, vətəndaşların sosial rifah halının yüksəlməsi istiqamətində görülən işlər tənəzzülün baş verməməsi üçün atılan addımlardır. Bütün bunlar onu deməyə əsas verir ki, Azərbaycan, ilk növbədə, vətəndaşların təhlükəsizliyini qoruyur. Ölkəmizdə görülən tədbirlər dünyanın bir sıra ölkələrində nümunə kimi qəbul edilir. Koronavirusla Mübarizəyə Dəstək Fondunun yaradılması, eyni zamanda, karantin rejimində tətbiq edilən innovativ metodlara qonşu ölkələr də maraq göstərir”.
Günel CƏLİLOVA