Yeni Azərbaycan Partiyası (YAP) koronavirus infeksiyasının yayılmasının qarşısının alınması sahəsində Azərbaycan Pespublikasının Prezidentinin tapşırığı əsasında Azərbaycan hökumətinin həyata keçirdiyi tədbirləri yüksək qiymətləndirir.
YAP mətbuat xidmətindən verilən məlumata görə, YAP Azərbaycan Pespublikasının Prezidenti cənab İlham Əliyevin 19 mart tarixli Sərəncamı ilə Koronavirusla Mübarizəyə Dəstək Fondunun yaradılmasını dünyanı lərzəyə salan qorxulu infeksiyanın qarşısının alınmasında mühüm addım hesab edərək Fonda 200 min manat məbləğində vəsait ödəməyi qərara alır.
Bundan əlavə, partiyanın bütün yerli strukturlarına və üzvlərinə “Koronavirusla Mübarizəyə Dəstək Fondu”na imkanları daxilində dəstək göstərmək tövsiyə olunub.
Bundan başqa, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası İcraiyyə Komitəsinin də 20 mart tarixli qərarı ilə Koronavirusla Mübarizəyə Dəstək Fonduna 250 min manat vəsait köçürdü.
Qərarda bildirilir ki, Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən qlobal pandemiya elan edilmiş koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması ilə bağlı başda cənab Prezident olmaqla bütün qurumların, o cümlədən ictimaiyyətin həyata keçirdiyi təxirəsalınmaz tədbirlər effektivlik baxımından təqdir olunmalıdır.
Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığı ilə hökumətin həyata keçirdiyi tədbirlər cəmiyyət tərəfindən yüksək qiymətləndirilir, o cümlədən həmkarlar təşkilatları üzvləri ölkə başçısının 19 mart tarixli Sərəncamı ilə Koronavirusla Mübarizəyə Dəstək Fondunun yaradılmasını dünyanı həyacanlandıran infeksiyanın qarşısının alınmasında mühüm hadisə kimi dəyərləndirirlər.
Qərar mətnində ölkə ictimaiyyətinə Nazirlər Kabineti yanında operativ qərargahın tələblərinə maksimum səviyyədə əməl olunması ilə bağlı çağırış da ünvanlanıb.