Məlum olduğu kimi, koronavirusla mübarizədə Azərbaycanda təxirəsalınmaz tədbirlər görülür. Dövlət orqanlarının fəaliyyətini əlaqələndirən Nazirlər Kabineti yanında Operativ qərargahın yaradılması, bəzi ölkələrlə sərhədlərin bağlanması və gediş-gəliş təmaslarının məhdudlaşdırılması, karantin rejiminin tətbiqi qarşıya qoyulan vəzifələri maksimum icra etməyə imkan verib.
Bir ay müddətində kütləvi tədbirlərin, toyların təxirə salınması, dövlət və özəl sektora aid qurumlar, vətəndaşlar üçün xüsusi qaydaların elan olunması, onlara ciddi riayət edilməsi üçün nəzarət mexanizminin formalaşdırılması və tətbiqi qərara alınıb. Azərbaycan hökuməti Dünya Səhiyyə Təşkilatının tövsiyələrini və beynəlxalq təcrübəni nəzərə alaraq, əhalinin sağlamlığının etibarlı qorunması və virusun yayılmasının qarşısının alınması üçün həyata keçirilən tədbirlərin əhatə dairəsini daha da genişləndirib.
Bununla belə, koronavirus infeksiyasının yayılmasının qarşısını almaq məqsədilə respublikanın şəhər və rayonlarında qeydiyyatda olan nəqliyyat vasitələrinin və onların sərnişinlərinin Bakı, Sumqayıt şəhərlərinə və Abşeron rayonuna buraxılması martın 29-dək dayandırılıb. Bütün bunlarla yanaşı, koronavirusla ümumi mübarizə tədbirləri ekologiyaya, atmosferə və ümumi gigiyenik vəziyyətə necə təsir göstərir?
“İnsanlar gigiyena qaydalarına daha ciddi riayət edirlər”
Məsələyə münasibət bildirən millət vəkili Aydın Hüseynovun sözlərinə görə, bu kimi məhdudlaşdırıcı tədbirlərin ətraf mühütə faydası var: “Bu məhdudiyyətlərin müəyyən fəsadları, gərginlikləri ilə yanaşı, faydaları da var. Görülən tədbirlər nəticəsində gediş-gəliş azalır. Nəticədə ətraf mühitə atılan tullantıların miqdarı azalır. Məsələn, atmosferi ən çox çirkləndirən vasitələrdən biri də avtomobillərdir. Məlum vəziyyətlə əlaqədar avtomobillərin hərəkəti xeyli azalıb. Bu da, öz növbəsində, atmosferin çirklənməsinin azalmasına öz müsbət təsirini göstərir. Bununla belə, sözügedən proseslər ətrafa digər tullantıların atılmasının miqyasını azaldır. O baxımdan bunların hamısı bir-birilə sıx bağlıdır. Görülən bu kimi məhdudlaşdırıcı tədbirlərə ancaq ziyanlı tərəfdən yanaşmaq doğru deyil. Bunun faydalı tərəfləri də var. İnsanlar gigiyena qaydalarına daha ciddi riayət edirlər. Bir növ, bununla bağlı vərdişlər yaranır. Təmizliyə daha ciddi riayət edilir, xüsusən də ictimai yerlərdə. Ona görə də məsələnin bu tərəfinə də diqqət edilməlidir”.
Vidadi ORDAHALLI