03/04/2020 12:47
728 x 90

Koronavirusla mübarizəyə qoşulan özəl tibb işçilərinə dövlətin dəstəyi praktikada hansı nəticələri verəcək...

img

Məlum olduğu kimi, Prezident İlham Əliyev yeni növ koronavirus (COVID -19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin sosial müdafiəsinin gücləndirilməsi haqqında Sərəncam imzalayıb. Sərəncama əsasən, yeni növ koronavirus (COVID-19) infeksiyası ilə əlaqəli əmək şəraitinə görə dövlət tibb müəssisələrində çalışan işçilərin əməkhaqlarına aylıq vəzifə (tarif) maaşının 3-5 mislinədək miqdarda müddətli əlavə müəyyən edilir.

Həmçinin, Nazirlər Kabinetinə bu sərəncamla müəyyən edilən müddətli əlavənin şamil olunacağı tibb işçilərinin əhatə dairəsini, əlavənin ödənilmə müddətini və işin xüsusiyyətindən asılı olaraq miqdarını müəyyən etmək, COVID-19 infeksiyası ilə mübarizə tədbirlərinə cəlb edilən özəl tibb müəssisələrində çalışan tibb işçilərinin və könüllülərin əməyinin ödənilməsi şərtlərini müəyyən etmək və sərəncamdan irəli gələn digər məsələləri həll etmək tapşırılıb.

Koronavirusla mübarizədə özəl tibb müəssisələrində çalışan kadrlar da dəstək verir. Özəl klinikada çalışan həkim məlum virusla mübarizə tədbirində fəal iştirak edirsə, Prezidentin imzaladığı sərəncam həmin kadrlara da şamil olunur.

  • Rasif  Bağırov: “Azərbaycan dövləti həkimlərin fədakarlığını yüksək qiymətləndirməklə infeksiyanın yayılmasına qarşı effektiv fəaliyyət həyata keçirdiyini nümayiş etdirdi”

Həkim-ekspert Rasif Bağırov bildirdi ki, sərəncam özəl müəssisələrdə çalışan tibb işçilərinə də şamil oluna bilər: "Çox vacib detallar var ki, onlar hamısı müəyyənləşdirilməlidir və qərar əsasında infeksiyaya qarşı mübarizə aparan tibb işçilərinin əməkhaqları artırılmalıdır. Burada özəl müəssisələrin tibb işçiləri də ola bilər. Könüllü tibb işçiləri də var ki, onlara da qanunvericilik çərçivəsində müəyyən sosial imtiyazlar verilə bilər”.

Həmsöhbətimiz onu da əlavə etdi ki, Azərbaycan dövləti həkimlərin fədakarlığını yüksək qiymətləndirməklə infeksiyanın yayılmasına qarşı sistemli və effektiv fəaliyyət həyata keçirdiyini nümayiş etdirdi: “Nəzərə almaq lazımdır ki, həkimlər xəstə yaxınlarının ümid yerinə çevrilirlər və eyni zamanda, bir qədər də təzyiq altında olurlar. Çünki hər birimizin onlardan gözləntilərimiz olduqca böyükdür. Belə vəziyyətdə, heç şübhəsiz ki, tibbi xidmət sahəsində fədakar əmək sərf edən vətəndaşlarımız əməklərinin maddi qarşılığını almalı, gündəlik qayğılardan azad olmalıdırlar”.

Günel CƏLİLOVA

Son xəbərlər