Avropa İnkişaf və Yenidənqurma Bankı (AYİB) Azərbaycan şəhərlərində həyat keyfiyyətinin yaxşılaşdırılmasına texniki yardım və kredit ayırmağa hazırdır.
Bu barədə media nümayəndələrinə AYİB-in Azərbaycandakı nümayəndəliyinin rəhbəri xanım İvana Duarte deyib. Onun sözlərinə görə, bununla bağlı bank şəhər rəhbərlikləri ilə danışıqlar aparmağa hazırdır: "Biz Azərbaycan şəhərlərində həyat keyfiyyətinin yaxşılaşdırılması üçün texniki yardımın və kreditin ayrılmasına dair şəhərlərin rəhbərlikləri ilə danışıqlara hazırıq”.
İ.Duarte onu da əlavə edib ki, dünyada 40 şəhərin inkişafına dəstək olan AYİB-in Şəhər Dayanıqlılığı Proqramı müvəffəqiyyətlə davam edir və artıq gözəl nəticələr əldə olunub.
Telman Zeynalov: “Xarici banklar şəhərlərdə infrastrukturun yenilənməsi layihələrini maliyyələşdirməyə kredit ayırsalar daha yaxşı olar”
Ekoloq Telman Zeynalov bildirdi ki, inkişaf etmiş ölkələrin banklarının Azərbaycan təbiətinə, şəhərlərinə kredit ayırması müsbət ideyadır. Şəhərlərdə həyat səviyyəsinin yaxşılaşdırılması üçün müəyyən işlər görmək lazımdır. İlk növbədə, şəhərlərin küçə işıqlandırma sistemi, şəhər nəqliyyatı, içməli su və çirkab su ilə bağlı xidmətlərin, bərk tullantıların idarə edilməsi, mərkəzi istilik sistemi və bərpa olunan enerji infrastrukturunun yenilənməsi və inkişaf etdirilməsi ilə bağlı layihələri hazırlanmalıdır: “Xarici banklar şəhərlərdə infrastrukturun yenilənməsi layihələrini maliyyələşdirməyə kredit ayırsalar daha yaxşı olar. Banklar uğurlu şəhər dayanıqlılıq proqramına qoşulmaqda maraqlı olmalıdırlar”.
Həmsöhbətimiz hesab edir ki, banklar Azərbaycanın şəhərlərinə kredit ayırarkən bu prosesdə vətəndaş cəmiyyətlərinin də iştirak etməsi daha məqsədəuyğun olar.
Günel CƏLİLOVA