Koronavirus təhlükəsi ilə əlaqədar ölkədə qabaqlayıcı tədbirlər həyata keçirilir. İdarələr, təşkilatlar, müəssisələr, təhsil ocaqları dezinfeksiya olunur. Bəzi idarə və birliklər isə təmizlik məqsədilə dezinfeksiya üçün müraciət edirlər. Bu günlərdə Azərbaycan Uşaqlar Birliyi sığınacağın dezinfeksiya olunması üçün aidiyyəti qurumlara müraciət edib. Ancaq bu günə qədər sığınacaq dezinfeksiya olunmayıb.
Kəmalə Ağazadə: “Sığınacaqda olan uşaqların taleyindən narahatam”
Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə bildirdi ki, o, məsələ ilə bağlı Binəqədi Rayon İcra Hakimiyyətinə müraciət edib: "Hələ ötən həftə Binəqədi Rayon İcra Hakimiyyətinə müraciət etmişəm. Amma bu günə kimi sığınacaq dezinfeksiya olunmayıb. Hazırda sığınacaqda 35 nəfər var. Bu qədər uşağı, ananı hara yerləşdirim? Heç olmasa, dezinfeksiya olunmuş bağçalardan birinə 2 günlük uşaqları yerləşdirə bilsək, bu işlərə başlayardıq. Sığınacağın dezinfeksiya olunmasını gözləyirik. Uşaqların taleyindən narahatam”.
Binəqədi Rayon İcra Hakimiyyəti: “Azərbaycan Uşaqlar Birliyinin məktubu baxılması üçün Bakı Şəhər İcra Hakimiyyətinə göndərilib”
Məsələ ilə bağlı Binəqədi Rayon İcra Hakimiyyəti ilə əlaqə saxladıq. Qurumdan bildirdilər ki, Azərbaycan Uşaqlar Birliyinin məktubu baxılması üçün Bakı Şəhər İcra Hakimiyyətinə göndərilib.
Günel CƏLİLOVA