Baş nazir Əli Əsədov mərkəzi və yerli icra hakimiyyəti orqanlarının və dövlət qurumlarının rəhbərlərinə məktub göndərib. Məktubda dövlət qurumlarının rəhbərlərinə koronavirus (COVİD-19) infeksiyasına qarşı mübarizənin təşkil edilməsini təmin etmək və icrasına ciddi nəzarət edilməsi ilə bağlı tapşırıqlar yer alıb:
1. İclasların, müşavirələrin və toplantıların yalnız telefon rabitəsi (selektor), mobil və internet vasitəsilə keçirilməsinə üstünlük verilsin; 2. Mümkün olduğu halda, əməkdaşların məsafədən işləmələri məsələsinə baxılsın; 3. 60 yaşdan yuxarı şəxslərin və öhdəsində azyaşlı uşağı olan qadınların iş davamiyyətinə güzəştli şərtlər tətbiq edilsin; 4. İşçilərin və onların ailə üzvlərindən birinin qrip, soyuqdəymə, halsızlıq və digər bu kimi halları olduğu təqdirdə həmin işçilərin işə çıxması qadağan edilsin; 5. Xüsusi zərurət olduğu hallar istisna olmaqla, bütün ezamiyyətlər dayandırılsın. Ezamiyyətə xüsusi zərurət olduğu hallarda, razılıq alınması məqsədilə dövlət orqanlarının və qurumlarının rəhbərləri tərəfindən Operativ qərargaha əsaslandırılmış rəsmi müraciət edilsin; 6. Əməkdaşların xarici ölkələrə rəsmi səfərləri dayandırılsın.
O cümlədən, qəbul otağında vətəndaşların qrup və fərdi surətdə qəbulları təxirə salınsın, yerlərdə səyyar qəbulların keçirilməsi dayandırılsın, vətəndaşların müraciətlərinin fasiləsiz qəbulu yalnız elektron və telefon rabitəsi vasitəsilə həyata keçirilsin.
Görünən odur ki, müəyyən reallıqlar bu kimi idarəçilik metodlarının tətbiq olunmasını zərurətə çevirir. Məqsəd koronavirusun yayılma risqini önləməkdir. Bu baxımdan sözügedən tədbirləri ekspertlər necə dəyərləndirirlər?
“Proseslərə bu cür çevik reaksiyanın verilməsi, nəticə etibarilə, koronavirusun neqativ təsirlərinin minimumlaşdırılmasına imkan yaradacaq”
Məsələyə münasibət bildirən millət vəkili Vüqar Bayramovun sözlərinə görə, indiki dövrdə belə bir qərarın verilməsi vətəndaşların sağlamlığının qorunması baxımından mühüm əhəmiyyət kəsb edir: “Koronavirusla mübarizə bu gün Azərbaycanda prioritet məsələlərdən biridir. Etiraf etmək lazımdır ki, Nazirlər Kabineti tərəfindən proseslərə çevik reaksiya verilir. Proseslərə bu cür çevik reaksiyanın verilməsi, nəticə etibarilə, koronavirusun neqativ təsirlərinin minimumlaşdırılmasına imkan yaradacaq. Məqsəd ondan ibarətdir ki, virusun yayılma risqinin qarşısı alınsın. O baxımdan, bu kimi məhdudlaşdırıcı tədbirlər vətəndaşlarımızın sağlamlığının qorunması məqsədi daşıyır. Yəni insanların sağlamlığını qorumaq mümkün olsun və nəticədə virusun yayılma risqi aşağı düşsün. Bu da, təbii ki, məhdudlaşdırıcı tədbirlərin həyata keçirilməsini tələb edir. Sözügedən istiqamətdə də addımlar atıldı. O üzdən, yaxın təmaslar nə qədər az olsa, bu bir o qədər faydalıdır. Məhdudlaşdırıcı tədbirlərlə yanaşı, hesab edirəm ki, hökumət tərəfindən biznesə dəstək də verilməlidir. Güman edirəm ki, növbəti addımlar biznesə dəstəklə bağlı olacaq. Bizdə olan məlumata görə, artıq hökumətdə bununla bağlı müzakirələr gedir. Ona görə də bir tərəfdən vətəndaşların sağlamlığının qorunması ilə bağlı addımlar atılır, digər tərəfdən iqtisadiyyatda koronavirusun təsirlərinin minimumlaşdırılması hədəf olaraq qalmaqdadır. Ən əsas məqsədlərdən biri, bütövlükdə, Nazirlər Kabinetinin proseslərə ciddi reaksiya verməsidir. Fikrimcə, bu, koronavirusun təsirlərinin minimumlaşdırılması baxımından çox vacibdir”.
Vidadi ORDAHALLI