2019-cu ilin dekabrında Çinin əhalisi sıx olan Uhan şəhərində koronavirusun yeni növü qeydə alınıb. Bu ölkədə epidemiyaya yoluxanların sayı 80 mini ötüb, 44,4 min nəfər sağalıb, 2,9 min nəfər ölüb. Xatırladaq ki, dünyada hazırda koronavirus infeksiyasına yoluxanların sayı 91 minə çatıb. Bunların 48 173 nəfəri sağalıb, 3 119 nəfər isə ölüb.
Çindən başqa, epidemiya Cənubi Koreya və İtaliyada sürətlə yayılıb. Ümumilikdə, bu günədək dünyanın 72 ölkəsində virusa yoluxma halı qeydə alınıb. Qonşu İranda koronavirusa yoluxma hallarının sayı 1 501-ə yüksəlib, 66 nəfər ölüb, 291 nəfər sağalıb.
Ümumdünya Səhiyyə Təşkilatı koronavirus təhlükəsini çoxsaylı ocaqları olan epidemiya kimi səciyyələndirir. ÜST rəsmisi bildirib ki, təəssüf ki, təhlükə artıq beynəlxalq miqyaslı fövqəladə hal səviyyəsinə çatıb.
Təqdirəlayiq haldır ki, Azərbaycan hökuməti koronavirus (COVİD-19) infeksiyasının Azərbaycan ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə təxirəsalınmaz tədbirlər həyata keçirir. Ölkəmizdə koronavirusa yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar müvafiq xəstəxanalar ayrılıb və karantin zonaları yaradılıb.
Adıçəkilən virusun yayılmaması üçün karantin rejiminə əməl etməyənlər isə cəzalandırılacaq.
İnzibati Xətalar Məcəlləsinə bununla bağlı edilən dəyişiklik təklif edilir ki, epidemiya əleyhinə rejimin, sanitariya, gigiyena və karantin rejimlərinin pozulmasına görə fiziki şəxslər 100 manatdan 200 manatadək, vəzifəli şəxslər 1500 manatdan 2000 manatadək məbləğdə cərimə ediləcək. Hüquqi şəxslər 2 min manatdan 5 min manatadək cərimələnəcək. Yaxud işlərin hallarına görə xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla bir ayadək müddətə həbs tətbiq olunur.
Ekspertlər hesab edirlər ki, koronavirusdan qorunmaq üçün dövlət tərəfindən müəyyən olunmuş qaydalara riayət etmək lazımdır.
“Kimliyindən, yaşından və milliyyətindən asılı olmayaraq, karantin rejiminə, gigiyenik qaydalara riayət etməyən şəxs cəzalandırılmalıdır”
Sosioloq Aytəkin Kamranqızı bizimlə söhbətində qeyd etdi ki, bu gün regionda ən az yoluxma sayı məhz Azərbaycandadır. Bu da yaxşı göstəricidir: “Ancaq bununla kifayətlənmək olmaz. Epidemiyaya müqavimət göstərməyin bir çox elementi mövcuddur ki, onları diqqət mərkəzində saxlamaq lazımdır. İlk növbədə, bütün hökumətlər qadağa tədbirləri qəbul edirlər. Sözsüz ki, bu çox vacibdir. İnsanlar daha az təmas qurduqca, yoluxma ehtimalları da azalacaq. Gigiyenik qaydalara riayət olunarsa, bu sahədə vəziyyət müsbətə doğru dəyişər. Kimliyindən, yaşından və milliyyətindən asılı olmayaraq, karantin rejiminə, gigiyenik qaydalara riayət etməyən şəxs cəzalandırılmalıdır. İnsanlar başa düşməlidirlər ki, karantin rejimi qısa müddət üçün nəzərdə tutulub. İnsanların sağlamlığı üçün gigiyenik qaydalara riayət etmək lazımdır”.
Günel CƏLİLOVA