“Əgər vətəndaşlar dövlət tərəfindən verilən vəsaitə belə yanaşacaqlarsa, bu, dözülməzdir. Bu vətəndaşlara ikinci dəfə heç bir dəstək göstərilməməlidir, o cümlədən, onlar ünvanlı sosial yardımdan da məhrum edilməlidir”. Bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayevi qəbul edərkən deyib.
Prezident qeyd edib ki, bu il, ən azı, 10 min insan bu proqramla əhatə olunacaq: “Proqramla əhatə olunma istiqamətində, əlbəttə ki, nazirlik tərəfindən meyarlar işlənilib, təmin edilib, vətəndaşlar treninqlərdən keçiblər. Ancaq əsas məsələ ondadır ki, vətəndaşları bu işə cəlb edəndən sonra özünüməşğulluqla bağlı monitorinq keçirilsin. Çünki dünya praktikasında özünüməşğulluq proqramı ilə əhatə olunan cəmi vətəndaşların təqribən 50 faizi bu imkandan səmərəli şəkildə istifadə edə bilir. Məsələn, elə hallar var ki, rayon və kənd yerlərində mal-qara ilə təmin olunan vətəndaşların bəziləri o mal-qaranı aparıb bazarda satır və beləliklə məsuliyyətsizlik göstərirlər. Halbuki, bu işdə əsas məqsəd ondan ibarətdir ki, vətəndaşlar verilən vasitələrlə öz dolanışıqlarını sonra özləri təmin etsinlər. Əgər vətəndaşlar dövlət tərəfindən verilən vəsaitə belə yanaşacaqlarsa, bu, dözülməzdir. Bu vətəndaşlara ikinci dəfə heç bir dəstək göstərilməməlidir, o cümlədən, onlar ünvanlı sosial yardımdan da məhrum edilməlidir”.
Bəzi vətəndaşlar onlara öz dolanışıqlarını təmin etmək üçün verilən vəsaitdən düzgün istifadə etmirlər.
“Dövlətin dəstəyindən sui-istifadə edənlərə əlavə ünvanlı sosial yardımın verilməsi düzgün deyil”
Məsələ ilə bağlı fikir bildirən iqtisadçı-ekspert Pərviz Heydərov “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, vətəndaşların bir qismi heç bir iş görmədən dövlətdən maliyyə dəstəyi almaq istəyir: “Nəzərə almaq lazımdır ki, dövlətimizin həyata keçirdiyi missiyalardan biri də aztəminatlı ailələrə dəstək olmaqdır. Ünvanlı sosial yardımın daha effektli olması üçün ötən il hökumət qarşısında müvafiq vəzifə qoyuldu ki, əhalinin məşğulluğa meyli artsın. Bu çox müsbət tələb idi. Təəssüf ki, qeyd olunan sahədə aidiyyəti qurumların gördüyü iş keyfiyyətsiz formada həyata keçirilir”.
Həmsöhbətimizin sözlərinə görə, bəzi şəxslər özünüməşğulluq layihəsindən düzgün yararlanmaq istəmirlər. Onlar istəyirlər ki, dövlət tərəfindən ayrılmış vəsaitdən heç bir iş görmədən istifadə etsinlər. Ancaq o insanlar başa düşmürlər ki, onlara verilən mal-qara və ya texniki avadanlıq həmin insanların sosial yaşayışını təmin etmək üçündür. Dövlətin dəstəyindən sui-istifadə edənlərə əlavə ünvanlı sosial yardımın verilməsi düzgün deyil”.
Günel CƏLİLOVA