Azərbaycanda indiyə qədər koronavirus aşkarlanmayan 711 nəfər karantindən evə buraxılıb. Bunu Milli Məclisin Səhiyyə və Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin birgə iclasında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı deyib.
O qeyd edib ki, hazırda karantində 560 nəfər var: "Biz gün ərzində 5 mindən çox insanı sürətlə və yüksək dəqiqliklə test etmək imkanına malikik. Bu günə qədər 4200-ə qədər müayinə aparılıb. 25 nəfərdə koronavirus aşkarlanıb. Onlardan 7 nəfərdə inkubasiya dövrü bitib və sağalaraq evə buraxılıblar".
R.Bayramlı bildirib ki, Azərbaycan koronavirusla mübarizə aparmaq üçün kifayət qədər dərman və tibbi ləvazimat ehtiyatına malikdir.
R.Bayramlı Azərbaycanda koronavirusa görə fövqəladə vəziyyət elan ediləcəyi ilə bağlı məlumata da münasibət bildirib. O bildirib ki, hazırda Azərbaycanda koronavirus infeksiyasının yayılması intensivliyi ciddi nəzarət altındadır.
TƏBİB İdarə Heyətinin sədri deyib ki, Azərbaycanda koronavirusla mübarizə ilə əlaqədar fövqəladə vəziyyət elan edilməsi vəziyyətdən asılıdır. Onun sözlərinə görə, əgər belə bir təhlükə olarsa, dərhal müvafiq qurumlara, hökumətə müraciət ediləcək: “Ancaq bu gün infeksiyanın yayılma intensivliyi və prosesini nəzarətdə saxlamağımız buna qəti surətdə əsas vermir. Avropanın bir sıra ölkələri fövqəladə vəziyyət elan edib, amma Azərbaycanda vəziyyət elə deyil. Bizdə koronavirusla bağlı intensivlik o həddə deyil, ona görə də buna ehtiyac yoxdur”.
R.Bayramlı qeyd edib ki, karantində saxlananların bir qismi Bakı, digərləri rayonlardakı xəstəxanalardadır. Onun sözlərinə görə, ağır halda olan xəstələr Bakıda müvafiq xəstəxanalarda, daha yüngül vəziyyətdə olanlar rayonlardakı xəstəxanalardadır.