Azərbaycanla Türkiyə arasında aviareyslər koronavirus təhlükəsi il əlaqədar martın 31-dək dayandırılıb. Trend bu barədə “Türk Hava Yolları” aviaşirkətinə istinadən məlumat verir.
Qeyd olunur ki, qərar martın 15-dən qüvvəyə minib.
Qərara əsasən, qeyd olunan tarixlərə biletləri olan müştərilər həmin biletləri geri qaytara, mayın 31-dək uzada və ya mayın 31-dək başqa istiqamətə uçuşlara dəyişə bilər.
Azərbaycanda qalan Türkiyə vətəndaşları üçün zərurət yarandığı təqdirdə təxliyə uçuşları təşkil olunacaq.
Biletlər “Türk Hava Yolları”nın saytından alınıbsa, şirkətin çağrı mərkəzləri vasitəsilə, digər internet saytlarından alınıbsa, orada göstərilən nömrələr vasitəsilə, hər hansı bir agentlikdən alınıbsa, həmin agentlikdə dəyişdirilə bilər.
Şirkətin Bakı və Gəncə ofislərindən yalnız bu ofislərdən alınan biletlər dəyişdirilə bilər.
“Türk Hava Yolları” çağrı mərkəzi ilə əlaqə saxlamaq üçün:
+994 12 404 8 849
+90 212 444 0 849
Ukrayna ərazisinə də sərnişin qatarlarının hərəkəti dayandırılır. “Azərbaycan Dəmir Yolları” QSC-nin Mətbuat katibliyi şöbəsindən verilən məlumata əsasən, Ukraynanın Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, koronavirus (COVİD-19) infeksiyasının Ukrayna Respublikasının ərazisində yayılmasının qarşısının alınması məqsədilə martın 17-si saat 00:01-dən etibarən, bütün beynəlxalq sərnişin qatarlarının hərəkəti müvəqqəti dayandırılıb.
Bununla əlaqədar, Bakıdan 21 mart tarixindən 369/370 nömrəli Bakı-Kiyev-Bakı sərnişin qatarı və tərkibində hərəkət edən Bakı-Dnepr birbaşa vaqonunun hərəkəti xüsusi göstərişədək dayandırılır.
Bakıdan 14 mart tarixində yola düşən Bakı-Kiyev-Bakı sərnişin qatarı isə Xarkov-sərnişin stansiyasına kimi hərəkət edib. Qatar geriyə Xarkov-sərnişin stansiyasından bu gün yerli vaxtla saat 15:30-da yola düşməklə, Rusiya ərazisinə təhvil veriləcək və öz hərəkət cədvəli üzrə Bakıya qaytarılacaq.