Cinayət Məcəlləsinə karantin rejimlərini pozanlarla bağlı yeni maddə əlavə edilir
Azərbaycanda gigiyena və karantin rejimlərini pozanlar cərimələnəcək. “Trend”in xəbərinə görə, İnzibati Xətalar Məcəlləsinə dəyişiklik məsələsi Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin martın 16-da keçirilən iclasında təklif olunub.
Belə ki, sanitariya, gigiyena və karantin rejimlərinin pozulmasına görə fiziki şəxslər 100 manatdan 200 manatdək, vəzifəli şəxslər 1500 manatdan 2000 manatək məbləğdə cərimə ediləcək.
Yaxud işlərin hallarına görə xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla bir ayadək müddətə həbs tətbiq olunur. Hüquqi şəxslər 2 min manatdan 5 min manatdək cərimə ediləcək.
İnzibati Xətalar Məcəlləsinə bununla bağlı dəyişiklik martın 17-də Milli Məclisin plenar iclasında müzakirəyə çıxarılacaq.
Eyni zamanda Cinayət Məcəlləsinə yeni maddə əlavə edilir. Bu barədə Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin martın 16-da keçirilən iclasında təklif olunub.
Yeni maddəyə əsasən, sanitariya, gigiyena və karantin rejimlərinin pozulması xəstəliklərin yayılmasına səbəb olduqda və ya xəstəliklərin yayılması üçün real təhlükə yaratdıqda 2500 manatdan 5 min manatadək cərimə və ya 3 ilədək müddətdə azadlığın məhdudlaşdırılması, yaxud 3 ilədək müddətdə azadlıqdan məhrumetmə ilə cəza tətbiq olunacaq.
Eyni əməllər insan ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda 3 ildən 5 ilədək müddətə azadlığın məhdudlaşdırılması və 3 ildən 5 ilədək azadlıqdan məhrumetmə ilə cəzalandırılacaq.
Layihə Milli Məclisin sabah keçiriləcək iclasında müzakirəyə çıxarılacaq.
Türkiyə ilə uçuşlar martın 31-dək dayandırılıb
Azərbaycanla Türkiyə arasında aviareyslər koronavirus təhlükəsi il əlaqədar martın 31-dək dayandırılıb. “Türk Hava Yolları” aviaşirkətinin açıqlamasında qeyd olunur ki, qərar martın 15-dən qüvvəyə minib.
Qərara əsasən, qeyd olunan tarixlərə biletləri olan müştərilər həmin biletləri geri qaytara, mayın 31-dək uzada və ya mayın 31-dək başqa istiqamətə uçuşlara dəyişə bilər.
Azərbaycanda qalan Türkiyə vətəndaşları üçün zərurət yarandığı təqdirdə təxliyə uçuşları təşkil olunacaq.
Biletlər “Türk Hava Yolları”nın saytından alınıbsa, şirkətin çağrı mərkəzləri vasitəsilə, digər internet saytlarından alınıbsa, orada göstərilən nömrələr vasitəsilə, hər hansı bir agentlikdən alınıbsa, həmin agentlikdə dəyişdirilə bilər.
Şirkətin Bakı və Gəncə ofislərindən yalnız bu ofislərdən alınan biletlər dəyişdirilə bilər.
“Türk Hava Yolları” çağrı mərkəzi ilə əlaqə saxlamaq üçün:
+994 12 404 8 849
+90 212 444 0 849
Bakıdan Ukraynaya sərnişin qatarlarının hərəkəti dayandırılır
Ukrayna ərazisinə sərnişin qatarlarının hərəkəti dayandırılır. “Azərbaycan Dəmir Yolları” QSC-nin Mətbuat katibliyi şöbəsindən verilən məlumata əsasən, Ukrayna Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, koronavirus (COVİD-19) infeksiyasının Ukrayna Respublikasının ərazisində yayılmasının qarşısının alınması məqsədilə martın 17-si saat 00:01-dən etibarən bütün beynəlxalq sərnişin qatarlarının hərəkəti müvəqqəti dayandırılıb.
Bununla əlaqədar Bakıdan 21 mart tarixindən 369/370 nömrəli Bakı-Kiyev-Bakı sərnişin qatarı və tərkibində hərəkət edən Bakı-Dnepr birbaşa vaqonunun hərəkəti xüsusi göstərişədək dayandırılır.
Bakıdan 14 mart tarixində yola düşən Bakı-Kiyev-Bakı sərnişin qatarı isə Xarkov-sərnişin stansiyasına kimi hərəkət edib. Qatar geriyə Xarkov-sərnişin stansiyasından bu gün yerli vaxtla saat 15:30-da yola düşməklə, Rusiya ərazisinə təhvil veriləcək və öz hərəkət cədvəli üzrə Bakıya qaytarılacaq.
Qeyd edək ki, koronavirus infeksiyası (COVİD-19) dünya ölkələri arasında sürətlə yayılmaqda davam edir.
Azərbaycan Respublikası Nazirlər Kabineti yanında operativ qərargahdan bildirilib ki, virusun uzun inkubasiya dövrünün olması, yayılma sürəti və vaksinin hələ də tapılmaması dövlətləri daha ciddi tədbirlər görməyə sövq edir.
Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən koronavirus infeksiyasının qlobal pandemiya elan olunduğunu nəzərə alaraq və virusun qarşısının alınması istiqamətində Ümumdünya Səhiyyə Təşkilatının tövsiyə və tələblərindən irəli gələrək ölkə ərazisində bir sıra təxirəsalınmaz tədbirlərin həyata keçirilməsi zərurəti yaranıb.
Bununla əlaqədar bir ay müddətində kütləvi tədbirlərin təxirə salınması qərara alınıb. Həmçinin dövlət və özəl sektora aid qurumlardan, vətəndaşlardan xüsusi qaydalara ciddi riayət etmələri tələb olunur.
Baki-xeber.com