Məlum olduğu kimi, koronavirus infeksiyası ilə əlaqədar Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən 2020-ci il 14 mart tarixdən ölkə ərazisində zəruri sosial izolyasiya tədbirləri tətbiq edilir. Konkret olaraq, bir ay müddətində kütləvi tədbirlərin keçirilməsi təxirə salınıb, restoran və kafelərdə iş rejimi saat 21.00-dək müəyyən edilib, eləcə də həmin vaxtdan sonra klub və barların fəaliyyətinə qadağa qoyulub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən baki-xeber.com-a verilən məlumata görə, tətbiq olunan məhdudiyyətlər vətəndaşlar tərəfindən bütövlükdə anlayışla qarşılanır, dövlətin həyata keçirdiyi əlaqədar tədbirlər dəstəklənir.
Lakin respublikanın bəzi şəhər və rayonlarında ayrı-ayrı iaşə müəssisələrinin sahibləri müvafiq obyektlər üçün müəyyən edilmiş iş rejimini pozub saat 21.00-dan sonra da fəaliyyətlərini davam etdirməyə cəhd göstəriblər. Həyata keçirilmiş nəzarət tədbirləri ilə həmin obyektlərin fəaliyyəti dayandırılıb, onların sahiblərinə bu məkanlar üçün müəyyən edilmiş qaydalara əməl olunmasının vacibliyi izah edilib.