Vətəndaşlar koronovirusa qarşı mübarizə məqsədilə təbii və sağlam qidalardan istifadəyə üstünlük verməlidir. Trend-in məlumatına görə, bu barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin yanında operativ qərargahın koronavirusla bağlı KİV nümayəndələri üçün brifinqdə Azərbaycanın baş infeksionisti Cəlal İsayev deyib.
C.İsayev bildirib ki, vətəndaşlarımız insanların kütləvi toplaşdığı yerlərdən kənar durmalıdır.
O qeyd edib ki, açıq və təmiz havada olmaq lazımdır: “Bunlara əməl etsək, immun sistemimiz güclü olar, nəinki koronovirusa qarşı, eləcə də digər infeksiyalara”.
Nazirlər Kabinetinin sərəncamı ilə bütün təhsil və tədris müəssisələrində tədris dayandırılıb. Bunu isə Nazirlər Kabinetinin mətbuat katibi İbrahim Məmmədli deyib.
Onun sözlərinə görə, insanlar bu məsələdə aktiv olmalıdırlar: "Onlar diqqətli olmalıdırlar. Sərəncamlarla həyatın bütün situasiyalarına nəzarət etmək mümkün deyil. Müəllimlər, tələbə və şagirdlər qərara əməl etməli və evdə qalmalıdırlar".
İ.Məmmədov bildirib ki, ictimaiyyət şayiələrə uymamalıdır: "Rəsmi xəbərlər nə qədər də olsa, şayiələrə çatmır. İctimaiyyət şayiələrə yox, rəsmi məlumatlara əsaslanmalıdır".
İbrahim Məmmədov deyib ki, koronavirusa qarşı mübarizə aparmaq üçün nə qədər maliyyə vəsaiti lazımdırsa, xərclənəcək. Onun sözlərinə görə, koronavirusla mübarizəyə birdən-birə böyük məbləğdə vəsaitin ayrılması lazım deyil: "Hazırda tələb olunan preparatların alınması üçün əlavə olaraq 10 milyon manat ayrılıb. Bu da hələlik kifayətdir. Dünyada bu xəstəliyə qarşı nə tətbiq olunacaqsa, onların hamısını edəcəyik".