XİN rəhbəri Elmar Məmmədyarov Moldovanın Azərbaycandakı səfiri George Leukanı və diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul edib.
Görüşdə tərəflər iki ölkə arasında ikitərəfli münasibətlərin hazırkı durumu, əməkdaşlığın cari inkişaf səviyyəsi və perspektivləri barəsində fikir mübadiləsi aparıblar. İki ölkənin Xarici İşlər nazirlikləri arasında növbəti siyasi məsləhətləşmələrin gələn ilin əvvəlində Moldovada keçiriləcəyi qeyd olunub. Nazir GUAM çərçivəsində ölkələr arasında səmərəli əməkdaşlığı vurğulayaraq, təşkilatın iqtisadi ölçüsünün möhkəmləndirilməsinin əhəmiyyətini qeyd edib. Tərəflər ikitərəfli əlaqələrin inkişafının uğurla davam etdiyini qeyd edib, iqtisadi və enerji sahələrində əməkdaşlığın daha da inkişaf etdirilməsinin vacibliyi vurğulanıb. Səfir George Leuka diplomatik fəaliyyəti müddətində ona göstərilən dəstəyə görə təşəkkürünü bildirib, bu xüsusda Azərbaycan və Moldovada keçirilən sərgilər, konsertlər, hər iki ölkənin milli bayramları ilə bağlı həyata keçirilən tədbirlər, həmçinin azərbaycanlı və moldovalı müəlliflərin kitablarının hər iki dilə tərcümə olunmasının əhəmiyyətini qeyd edib. Görüşdə, həmçinin, tərəflər arasında qarşılıqlı maraq doğuran regional və beynəlxalq təhlükəsizlik məsələləri üzrə fikir mübadiləsi aparılıb. Elmar Məmmədyarov səfir George Leukanın ikitərəfli münasibətlərin inkişafı istiqamətindəki səylərini yüksək qiymətləndirərək, ona gələcək fəaliyyətində uğurlar arzulayıb.
Elmar Məmmədyarov Yunanıstanın Azərbaycandakı səfiri Nikolaos Kanellosu da diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul edib.
Görüşdə tərəflər Azərbaycan və Yunanıstan arasında mövcud olan əməkdaşlıq münasibətləri üzrə fikir mübadiləsi aparıb.
Səfir Nikolaos Kanellos diplomatik fəaliyyətinin uğurla həyata keçirilməsində ona göstərilən dəstəyə görə təşəkkürünü bildirib.
Nazir Elmar Məmmədyarov səfir Nikolaos Kanellosun ikitərəfli münasibətlərin inkişafı istiqamətindəki səylərini yüksək qiymətləndirərək, ona gələcək fəaliyyətində uğurlar arzu edib.
Tərəflər arasında, habelə, qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Baki-xeber.com