Məlum olduğu kimi, Ukrayna Prezidenti Vladimir Zelenski 16-17 dekabrda Bakıda rəsmi səfərdə oldu. Səfər çərçivəsində Ukrayna lideri Prezidenti İlham Əliyev və Baş nazir Əli Əsədovla danışıqlar apardı. Həmçinin, Ukrayna və Azərbaycan arasında prioritet sahələrdə əməkdaşlığın dərinləşdirilməsinə yönəlmiş bir sıra ikitərəfli sənədlər imzalandı.
Dövlət başçılarının iştirakı ilə iki ölkə arasında Biznes Forumu keçirildi. Zelenski, eyni zamanda, Azərbaycanın Ukrayna icmasının nümayəndələri ilə görüşdü.
Onu da qeyd edək ki, bu, V.Zelenskinin Cənubi Qafqaza ilk rəsmi səfəri idi. Ukraynanın yeni Prezidentinin məhz Azərbaycana önəm verməsi iki ölkə arasında yüksək səviyyəli münasibətlərin göstəricisidir. Düzdür, Azərbaycan–Ukrayna münasibətləri həm sovet dönəmində, həm də SSRİ-nin süqutundan sonra müsbət məcrada inkişaf edib. İki ölkə arasında çoxşaxəli əlaqələr mövcuddur. Ancaq o da məlumdur ki, 2014-cü ildə Ukraynada baş verən məlum hakimiyyət dəyişikliyindən sonra bu ölkənin Rusiya ilə münasibətləri kəskin şəkildə pisləşib. Ukrayna MDB-ni tərk edib. Bütün bunlara baxmayaraq, Azərbaycan həm Rusiya, həm də Ukrayna ilə çox yaxşı münasibətlərə malikdir. Bir-birilə kəskin ziddiyyətlərə malik olan ölkələrlə eyni vaxtda yüksək münasibətlər qura bilmək Azərbaycan diplomatiyasının uğurundan xəbər verir.
Maraqlıdır, Azərbaycan buna necə nail olur?
“Moskva yaxşı bilir ki, Bakı-Kiyev əlaqələri ona qarşı yönəlməz və Azərbaycan etimad ediləcək dövlətdir”
Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən politoloq Məhəmməd Əsədullazadə Azərbaycanın buna nail olmasını ölkənin müstəqil siyasət yeritməsi ilə əlaqələndirdi: “Azərbaycan regionda müstəqil xarici siyasətə malik olan, iqtisadi cəhətdən kifayət qədər nüfuzlu ölkədir. Bütün dövlətlərlə Azərbaycan qarşılıqlı əməkdaşlıq formatında əlaqələrin inkişafında maraqlı olub. Məhz bu istiqamətdə xarici siyasətini qurub. Ölkəmiz Rusiya ilə qonşu ölkədir və çalışır ki, qonşuluq əlaqələrini yüksək səviyyədə saxlasın və qarşılıqlı şəkildə əməkdaşlığı genişləndirsin. Hazırda Rusiya ilə əməkdaşlıq yüksək səviyyədədir və hər iki tərəfi narazı salan ciddi məqamlar yoxdur. Azərbaycan öz müstəqil siyasətini qurarkən, digər ölkələrlə əməkdaşlığı inkişaf etdirəndə bunu digər ölkənin əleyhinə yönəltmir. Məhz Ukrayna ilə Azərbaycanın əlaqələri də bu kontekstdə davam edir. Moskva yaxşı bilir ki, Bakı-Kiyev əlaqələri ona qarşı yönəlməz və Azərbaycan etimad ediləcək dövlətdir. Ona görə də Ukrayna və Azərbaycan arasında hərbi-siyasi, iqtisadi əlaqələr yalnız hər iki ölkənin milli maraqlarına uyğun həyata keçirilir. Hesab edirəm ki, Azərbaycan tərəfi və Ukraynanın mövqeyi tam aydın şəkildə bütün qonşu ölkələrə məlumdur. Rəsmi Bakının bu balanslaşdırılmış siyasəti nəticəsində Ukrayna-Azərbaycan əlaqələri Rusiya ilə münasibətlərə mənfi təsir etmir”.
Vidadi ORDAHALLI